Toyuq ya yumurta?
Lap Danimarka prinsi Hamletin “Olum ya ölüm?..” dilemması kimi kəskin, vahiməli səslənir.
Əslində, bu sual bəşəriyyəti xeyli vaxtdır ki, yaman narahat edir. Həqiqət axtarışı sanki dalana dirənib.
Sovet dövründə yumoristlər “Əvvəl hansı olmuşdu: toyuq ya yumurta?” sualına ikibaşlı cavab tapmışdılar – “Əvvəllər toyuq da vardı, yumurta da”. Bu, mağazalardakı boş rəflərə işarə idi. Mən isə atmaca xarakterli sualın elmi cavabını bilirəm və “Növbəti yazı”da sənə deyəcəyəm. Səbirli ol.
Kənddə boya-başa çatanlar toyuğu “həyətin tozu”, “ət və yumurta fabriki” sayırlar. Bir sözlə, onu adam yerinə qoymurlar.
Toyuq ilə əlaqədar müxtəlif xalqlarda təhqiramiz fikirlər mövcuddur. Məsələn, “Quş beyni” bənzətməsi. Ruslar daha alçağa düşüblər: “Toyuq quş deyil, qadın isə deyil insan”. Onlar qadını addımbaşı toyuq adlandırmaqla, onun hər xoruza tabe olduğuna işarə edirlər.
70 yaşlı kəndli İvandan toyuqlar haqqında danışmasını xahiş etdikdə, özünü xoruz kimi şişirdib söylədi:
– Nə deyim, dən yeyir, yumurtlayır.
O, heç toyuq cinsləri barədə kəsərli söz deyə bilmədi. Deyim – bil.
Təkcə iri ayaqlı toyuqlar ailəsində 15 növ var: biak, iriayaq, qonur döşlü, Vanuatu toyuğu, cəngəllik toyuğu, qırmızı dimdikli, Melaneziya toyuğu, Moluk toyuğu, narıncı toyuq, boyunluqlu, Polineziya toyuğu, sırğalı toyuq, çürüntü toyuğu, Sula toyuğu, Filippin toyuğu...
Toyuqların vətəni Yaxın Şərq hesab edilir. Məhz oradan bu quş Avropaya, digər qitələrə yayılıb. Uzun müddət onlar təbiətdə gəzib, dolaşıb. İnsanlar isə gəzərək onların yumurtalarını yığır, ovlayıb ətini yeyirdilər. 4 min il bundan əvvəl insan nəhayət anladı ki, toyuq evdə (həyətdə) yaşasa, ət də, yumurta da əlinin altında olar. Belə də etdi. İndi toyuq onu “həyətin tozu” sayanları qidalandırır. Tarixdə isə dəfələrlə insanları aclıqdan xilas edib.
Bütün quşlar yumurtlamaqdan əvvəl özünə yuva qurur, buraya ən yumşaq tüklərini döşəyir. Qırt düşdükdə, yumurtalarının temperatur rejimini qoruyur. Sonra balalarına yem daşıyır.
Bütün? Yox. Məsələn, məşhur ququ quşu özgənin yuvasında yumurtlayır və balasının taleyi ilə daha maraqlanmır. Amma düşünsən anlayarsan ki, bu ququ öz balasını məhz qayğıkeş quşlara “tapşırır”, yəni, ilk və son dəfə onun taleyində iştirak edir. Növbəti quş haqqında biləndə isə çox təəccüblənəcəksən. O, yumurtasını çürüntüyə həvalə edir.
Çürüntü toyuğu. İri ayaqlıdır. Görsən, gözün düşər. Həqiqətən gözəldir. Uzun “model” qıçları var. Ayaqlar həm hündür, həm də qüvvətlidir. Başının bəzi sahələrində tük örtüyü yoxdur. Orta çəkisi 500 qramdan 2 kiloqrama qədər olur. Həmçinin, uzun quyruğu var. Planetimizin cənub yarımkürəsində yaşayır. Əsasən meşəlikdə tənha həyat sürür. Toxum və meyvələrlə qidalanır. Yalnız təhlükə olduğunu görcək, qanad açıb uçur. Yaxın ağaca qonur.
Başqa toyuqlardan, quşlardan ən fərqli cəhəti isə odur ki, yumurtalarının üstündə qətiyyən oturmur: qırt düşmür.
Xoruz çürümüş və çürüyən yarpaqları bir yerə toplayır. Yığının hündürlüyü 1 metr olur, diametrdə ölçüsü 4 metrə çatır. Sonra erkək quş ayaqları ilə optimal temperaturlu yer tapır. Toyuq həmin yerdə yumurtlayır və gedir işinin dalınca – dəlləyin, dərzinin, kosmetoloqun qəbuluna. Qeyrətli xoruz improvizə olunmuş inkubatorda temperatura daim nəzarət edir və onu tənzimləyir: yarpaqları kənara atır, yaxud kütləsini artırır.
Yumurtadan çıxanda cücələrin gözləri açıq olur. Cəmi bir neçə saatdan sonra onlar artıq qaçır və uçur. Həyət təsərrüfatında əmələ gələn cücələr hələ xeyli müddət “ətcə” qalır, anasının dalınca düşür. Çürüntü toyuğu isə əvvəldən sağlam və qoçaqdır.
Toyuqları “həyətin tozu” hesab edənlər görmək istəmirlər ki, bu quşlar xasiyyətcə müxtəlifdir: qorxaq, sakit, çəkinən, igid, dalaşqan, həyasız... Onların arasında iyerarxiya mövcuddur. Hərə öz yerini bilir, lideri tanıyır. Cəzalandırma kimi mexanizm burada işləyir. İnsana münasibətdə mehribanlıq, yaxud düşmənlik nümayiş etdirir. Xoruz banlayan cihaz deyil. Öz toyuqlarından ötrü tülkü, qırğı ilə qeyri-bərabər döyüşə atılaraq canından keçər.
İndi isə yuxarıda vəd olunan
Növbəti yazı.
Toyuqlar bütün digər quşlar kimi dinozavrların törəməsidir. Quşların yaşı isə yüz milyon illərlə ölçülür.
Məlumdur ki, dinozavrlar yumurtlamaqla nəsil artırıb. Odur ki, tarixi nöqteyi-nəzərdən və fəlsəfi mənada, yumurta toyuqdan əvvəl olub.
Çox bekarsansa, təklif edirəm həmin məsələyə başqa rakursdan yanaşasan: hansı əvvəl olub – xoruz ya toyuq.
Aşağıda çürüntü toyuqları ilə vizual tanışlıq üçün 4 foto verilir.
A.ƏZİZ