“ABŞ-də kim qalib gəlir-gəlsin, Ukrayna ərazi güzəştinə getməyəcək” – Zelenski
“ABŞ-dəki prezident seçkilərinin nəticəsindən və ya Vaşinqtonun siyasi dəstəyinin dəyişməsindən asılı olmayaraq, Ukrayna ərazi güzəştinə getməyəcək”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “KBS” telekanalına müsahibəsində deyib.
“ABŞ-nin yeni prezidenti ya Ukraynaya dəstəyi artıra, ya da onu zəiflədə bilər. Ukraynaya dəstəyin zəifləməsi Rusiyaya bizi daha çox işğal etmək imkanı verəcək. Ukraynaya dəstəyin zəifləməsi bizə bu müharibədə qalib gəlmək imkanı verməyəcək. Və bu həqiqətdir”, - deyə Zelenski vurğulayıb.
Donald Trampın qalib gələcəyi təqdirdə ABŞ siyasətində dəyişikliklərin mümkünlüyünü şərh edən Zelenski Ukraynaya qarşı potensial təzyiqdən narahatlığını belə ifadə edib: “Tramp məsələsinə gəlincə, o, fəaliyyət adamı olduğunu bəyan etdi, sadəcə olaraq, müharibəni tez bitirmək və hansısa model tapmaq istəyir. Amma qələbə çaldığı təqdirdə Tramp əgər Ukraynanı hər şeyi verməyə məcbur etmək və Rusiya ilə bu yolla razılığa gəlmək istəyəcəksə, bu gün bunun mümkün olduğunu düşünmürəm”.
Zelenski vurğulayıb ki, Ukrayna işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanımayacaq: “Kim nə istəsə də, ABŞ-də kimin qalib gəlməsindən və Putinin Rusiya Federasiyasının lideri olaraq nə qədər qalmasından asılı olmayaraq, bu mümkün deyil. Ukraynanın istənilən halda hüquqi dövlət ərazilərindən imtina etməsi üçün konstitusiya hüququ yoxdur və buna görə də, Putinin nə uydurmasından asılı olmayaraq, bu, hüquqi baxımdan qeyri-mümkündür”.
Rusiyanın Kursk vilayətində Ukraynanın keçirdiyi hərbi əməliyyatı şərh edən Zelenski belə deyib ki, “Bizə onların ərazisi lazım deyil”.
“Biz heç nə işğal etməmişik. Bu istiqamətin bizə qarşı istifadə olunmaması üçün biz bufer zonası yaratmışıq. Biz orada yaşamayacağıq, onların ərazilərini tutmayacağıq – bu bizi maraqlandırmır. Bizi öz torpaqlarımızın geri qaytarılması maraqlandırır. Əgər müharibənin sonunda diplomatik addımlarla və ya döyüş meydanındakı bugünkü taktiki hərbi addımlarla bu əməliyyat təsirli effektə malik olacaqsa, biz bundan istifadə edəcəyik”, - deyə Zelenski yekunlaşdırıb.
Xatirə SADİQ