Kiyev növbəti maliyyə yardımını aldı
Ukrayna ABŞ-dən 1,35 milyard dollar məbləğində qrant alıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2024-cü ildə ABŞ-dən 7,8 milyard dollar məbləğində büdcə dəstəyi nəzərdə tutulub ki, bunun da 5,2 milyard dolları artıq səfərbər edilib.
Nazirlik qeyd edib ki, ABŞ hökuməti maliyyəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti ilə koordinasiyalı şəkildə göndərib. Bu vəsait Dünya Bankının “Ukraynada dayanıqlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” (PEACE in Ukraine) layihəsi vasitəsilə Ukraynanın dövlət büdcəsinə köçürülüb.
“2022-ci ilin fevralından bəri ABŞ-dən birbaşa büdcə dəstəyi 28,2 milyard dollara çatıb. Bu, dünyanın bütün ölkələri arasında Ukraynaya ən böyük maliyyə yardımıdır ABŞ ilə etibarlı tərəfdaşlıq Ukrayna hökumətinə təhsil və xilasetmə xidmətləri kimi əsas dövlət xidmətlərinin göstərilməsində maliyyə sabitliyini və vətəndaşların müdafiə olunmasını qoruyub saxlamaqda kömək edir”, - deyə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
Tammiqyaslı müharibə başlayandan bəri Ukrayna büdcəsinin beynəlxalq birbaşa maliyyələşdirilməsi 100 milyard dolları ötüb.
Xatirə SADİQ