İran rəsmisi Trampa "mənasız" dedi - "Edamları dayandırmamışıq, boş danışır"

İran həbs edilən etirazçıların edamlarının dayandırılmayacağını açıqlayıb.  

Jan 18, 2026 - 15:33
İran rəsmisi Trampa "mənasız" dedi - "Edamları dayandırmamışıq, boş danışır"

SAVASHMEDİA.az xəbər verir ki, Tehran prokuroru Əli Salehi yanvarın 17-də ABŞ prezidentinin 800 edamın dayandırılması haqqında bəyanatını “boş və mənasız danışıq” adlandırıb. 

Onun sözlərinə görə, etirazçıların çoxu haqqında ittiham aktları hazırlanaraq, məhkəməyə verilib.  

Tramp yanvarın 14-də İranda edamların dayandırıldığına görə, Tehrana qarşı sərt addıma hələlik getməyəcəyini bildirmişdi.

Yanvarın 16-da isə Tramp edamların ləğvinə görə İran rəhbərliyinə təşəkkür etmişdi. Bir gün sonra çıxış edən İranın ali dini lideri Əli Xamenei isə ölkəsini müharibəyə cəlb etmək niyyətində olmadığını, amma “daxili cinayətkarlar”a güzəşt edilməyəcəyini bildirib. Bunun ardınca isə Tramp İranın yeni liderə ehtiyacı olduğunu açıqlayıb.  

Yaşananlar fonunda isə ABŞ ordusu İraqdakı Əyn əl-Əsəd aviabazasından çıxıb. İraq Müdafiə Nazirliyi yaydığı bəyanatda bazaya nəzarətin İraq ordusuna keçdiyini bildirib. 

“Reuters” agentliyi isə amerikalıların İraqdakı bazanı nə zaman tərk etməyə başladıqlarının hələ də qaranlıq olduğunu yazıb. Bununla belə ABŞ ilə İraq arasındakı razılaşmaya əsasən, yüzlərlə hərbçi İraqı keçən yayın sonunda qalanları isə 2026-cı ilin sonunda tərk etməliydi. Hələlik ABŞ rəsmiləri baza ilə bağlı səssizliklərini qoruyurlar.  

ABŞ bundan öncə İranda etirazçılar öldürüləcəyi halda bu ölkəyə zərbə vuracağını açıqlamışdı. Bununla belə ABŞ KİV-ləri sonradan Trampın bu fikirdən Türkiyə, İsrail, Səudiyyə ƏRəbistanı, Qətər və Omanın xahişi ilə imtina etdiyini yazmışdılar. Bəzi KİV-lər isə qərarı ABŞ-nin Yaxın Şərqdə yetərli qədər qüvvəsi olmaması ilə əlaqələndirmişdilər.

Səlcuq