Danimarka Qrenlandiyaya necə sahib olub? - Ada ilə bağlı MARAQLI FAKTLAR

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adası üzərində nəzarəti əla almaq istəyi siyasi gündəmin başlıca mövzularından birinə çevrilib.

Jan 18, 2026 - 18:59
Danimarka Qrenlandiyaya necə sahib olub? - Ada ilə bağlı MARAQLI FAKTLAR

SAVASHMEDİA.az xəbər verir ki, ilk vaxtlar bu istək Trampın keçici şıltaqlığı kimi qəbul olunurdusa, indi artıq yeni münaqişə səbəbi kimi nəzərdən keçirilir.

Bu günlərdə Donald Trampın "500 il əvvəl hansısa gəminin Qrenlıandiyaya gəlməsi o demək deyil ki, ora Danimarkaya məxsusdur" fikri polemikanı daha da qızışdırıb. ABŞ liderinin  daha sonra istehza ilə "Qrenlandiyanı iki it sürüsü qoruyur, oranı almaq çətin olmayacaq" cümləsi isə tərəflər arasında ciddi qarşıdurmaya səbəb olub.

Danimarka Krallığı avropalı müttəfiqlərinə müraciət edərək Qrenlandiyanın müdafiəsi üçün onlardan dəstək istəyib. Avropa dövlətlərinin və NATO-nun Qrenlandiya mövzusunda Danimarkanı müdafiə etməsi ilə gərginləşən münasibətlər yenidən sınağa çəkilmiş olub.

Bu yazıda isə çoxlarını maraqlandıran bir suala cavab tapmağa çalışacağıq: Qrenlandiya Danimarkanın nəzarətinə necə keçib?  Beləliklə...  

Danimarkanın Qrenlandiya adasına sahib olması uzun və mərhələli tarixi prosesin nəticəsidir. Həmin tarixi mərhələləri birlikdə nəzərdən keçirək:

1. Vikinglər dövrü (X əsr) - Təxminən 982-ci ildə islandiyalı viking Erik Qırmızı Qrenlandiyanı kəşf etdi. Norveç–İslandiya mənşəli vikinglər adada məskunlaşdılar. O dövrdə Qrenlandiya Norveç krallığına bağlı sayılırdı.

2. Norveç və  Danimarka birliyi (XIV–XVI əsrlər) - 1380-ci ildə Danimarka və Norveç eyni kralın idarəsinə keçdi (Danimarka–Norveç birliyi). Norveçin əraziləri, o cümlədən Qrenlandiya, avtomatik olaraq Danimarka taxtının nəzarətinə daxil oldu. Bununla da Danimarka adaya sahib çıxdı.

3. Rəsmi müstəmləkə dövrü (XVIII əsr) - 1721-ci ildə danimarkalı missioner Hans Egede Qrenlandiyaya gəldi. Danimarka adada rəsmi müstəmləkə idarəçiliyi qurdu. Yerli inuit (kalaallit) əhali ilə idarə sistemi formalaşdırıldı.

4. Danimarkanın Qrenlandiyanı saxlaması (1814) - Kiel müqaviləsi (1814) ilə Norveç İsveçə verildi. Amma Qrenlandiya, Farer və İslandiya Danimarkada qaldı.

Beləliklə, Danimarkanın Qrenlandiya üzərində hüquqi nəzarəti möhkəmləndi.

5. Muxtariyyət və müasir status - 1953 – Qrenlandiya Danimarkanın rəsmi tərkib hissəsi oldu.

1979 – Muxtariyyət (Home Rule).

2009 – Geniş özünüidarə (Self-Government).

1916-cı ildə ABŞ Danimarka ilə razılaşma əsasında Danimarkanın Qrenlandiya üzərində tam suverenliyə malik olduğunu bəyan edib. 

Bu gün Qrenlandiya “Kalaallit Nunaat” adlanır, daxili işlərini özü idarə edir, amma xarici siyasət və müdafiə əsasən Danimarkanın səlahiyyətindədir.

Beləliklə, tarixi fakt bundan ibarətdir ki, Danimarka Qrenlandiyanı zorla işğal etməyib.

Qrenlandia ilə bağlı maralı faktlar

Şəhərlər arasında yol yoxdur

Qrenlandiyada bir şəhərdən digərinə maşınla getmək mümkün deyil, çünki yaşayış məntəqələri arasında sadəcə yol yoxdur. Qayalıq ərazi və əbədi buzlaq yol tikintisini qeyri-mümkün edir.

Onlar necə hərəkət edirlər? Yayda qayıqla; qışda qar arabası və ya it xizəyi ilə. Uzaq məsafələrə səyahət üçün helikopterlərdən və kiçik təyyarələrdən istifadə edirlər. 

Qrenlandiyadakı rəngarəng evlərin fotolarını görmüsünüz. Bu, sadəcə memarın şıltaqlığı deyil. Belə ki, keçmişdə divarların rəngi binanın məqsədini göstərirdi:

* Qırmızı - mağazalar və kilsələr

* Sarı - xəstəxanalar və apteklər

* Yaşıl - poçt şöbələri

* Mavi - balıq zavodları

* Qara - polis bölmələri

...Və Qrenlandiyanı Trampın da dediyi kimi həqiqətən iki it sürüsündən ibarət patrul dəstələri qoruyur. Adanın ordusu yoxdur.

Oğuz