İranın bu ölkədəki bütün konsulluqları bağlandı
İranın Hamburq, Münhen və Frankfurtdakı konsulluqları həftənin əvvəlindən rəsmi olaraq ziyarətçilər üçün bağlanıb.
SAVASHMEDİA.az “dpa” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Almaniyanın Xarici İşlər Nazirliyi təsdiqləyib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok ikili vətəndaşlığa sahib olan Cəmşid Şarmaqdın edam edilməsinə cavab olaraq bu ölkədəki İran konsulluqlarının bağlanmasına göstəriş verib.
Məlum olub ki, İranın Berlindəki səfirliyi açıq qalacaq və Almaniyada yaşayan 300 min iranlıya konsulluq dəstəyi göstərəcək.
Xatırladaq ki, İran oktyabrın 28-də Şarmaqdın edamını elan edib. O, 2023-cü ilin yazında terrorizm ittihamı ilə mübahisəli məhkəmə prosesindən sonra ölüm cəzasına məhkum edilib.
Almaniya hökuməti, qohumları və hüquq müdafiəçiləri ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd ediblər.
Kansler Olaf Şolts və xarici işlər naziri Berbok edamdan hiddətləndiklərini bildiriblər, müxalifətdə olan XDİ lideri Fridrix Merts İran səfirinin ölkədən çıxarılmasını tələb edib.
Xatirə SADİQ