İranlı general Rusiyanı ittiham etdi – “Suriyada məğlub olduq”
“İran Suriyada böyük məğlubiyyətə uğrayıb, lakin yenə də ölkədə fəaliyyət göstərməyə çalışacaq”.
SAVASHMEDİA.az “The New York Times”a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati deyib.
Nəşr yazıb ki, general ötən həftə Tehrandakı məsciddə çıxış edib və onun çıxışı İran rəhbərliyinin Suriyadakı strateji itkilərin miqyasını həftələrlə azaltmış bəyanatları ilə kəskin ziddiyyət təşkil edib.
Qeyd edilib ki, Esbati Rusiyanı “Rusiya təyyarələri Suriya üsyançılarını bombalayır” kimi iddialarla İranı çaşdırmaqda ittiham edib. Halbuki Rusiya təyyarələri açıq sahələrə bombalar atırmış.
Onun sözlərinə görə, İsrail 2024-cü ildə Suriyadakı İran hədəflərinə hücumlar həyata keçirəndə Rusiya radarları söndürərək, bu hücumlara şərait yaradırdı.
SEPAH generalı onu da bildirib ki, İranın Suriya prezidenti Bəşər Əsədlə münasibətləri onun istefasından əvvəlki aylarda gərgin olub. “Mən hesab etmirəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir. Biz məğlubiyyətə uğradıq və məğlubiyyət çox güclü oldu, biz çox güclü zərbə aldıq və bu, çox ağır idi”, - deyə Behruz Esbati vurğulayıb.
Xatirə SADİQ