İrəvan rusiyalı jurnalistin proqramını bloklayacaq?
Ermənistan rusiyalı jurnalist Dmitri Kiselevlə “Həftənin xəbərləri” proqramını bloklaya bilər.
SAVASHMEDİA.az “Sputnik-Ermənist”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
Nazir qeyd edib ki, Ermənistan ərazisində yayımlanan bütün verilişlərin məzmunu yerli qanunvericiliyə uyğun olmalıdır. “Hesab edirəm ki, Ermənistan Respublikası hökumətinin burada gözləntiləri qanuni və ədalətlidir”, - o, yekunlaşdırıb.
Xatırladaq ki, bundan öncə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bu proqrama görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya səfirinə etiraz notası verilib.
Nazirlik bəyan edib ki, yanvarın 12-də Rusiya teleefirində Ermənistanın suverenliyi və ərazi bütövlüyü əleyhinə “süni şəkildə yaradılan narrativlər səsləndirilib”.
“News.ru” portalına açıqlamasında Dmitri Kiselyov bildirib ki, o, Ermənistan nazirliyinin rusiyalı diplomatı konkret hansı bəyanata görə çağırdığını bilmir. Onun fikrincə, hələlik şərh ediləcək bir şey yoxdur.
Rusiya mediası yazır ki, yanvarın 12-də yayımlanan proqramda Azərbaycan, onun eksklavı – Naxçıvan Muxtar Respublikası (ölkənin əsas ərazisindən Ermənistan tərəfindən ayrılmış) və Türkiyə arasında olan Zəngəzur dəhlizindən söhbət açılıb. Teleaparıcı Kiselyov buradan yolun çəkilməsini Bakı üçün “həyati vacib” adlandırıb və qeyd edib ki, İrəvan Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbinə məhəl qoymur.
Bu nəqliyyat marşrutunun açılması 2020-ci ilin noyabrında ikinci Qarabağ müharibəsindən sonra bağlanmış üçtərədli razılaşmada nəzərdə tutulmuşdu. Sənəddə deyilir ki, “Ermənistan Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verir”. İrəvan isə Zəngəzur dəhlizinin tikintisi ilə bağlı heç bir öhdəlik götürmədiyini iddia edir.
Həmin süjetdə Kiselyov Rusiya qazının qiymətlərini xatırladaraq, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə “istixana şəraitini” itirəcəyini bildirib.
Qeyd edək ki, yanvarın əvvəlində Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük təşəbbüsü layihəsini təsdiqləyib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Aİ və Aİİ üzvlüyünü bir araya sığmadığını bildirsə də, İrəvan Aİİ-dən çıxmağı planlaşdırmadığını deyib.
Xatirə SADİQ