İsrail və “HƏMAS” müqaviləni Dohada imzalayıb

Qətərin paytaxtı Dohada yanvarın 16-da İsrail və “HƏMAS” qruplaşması arasında Qəzzada saxlanılan girovların azad edilməsi və atəşkəsə başlaması ilə bağlı rəsmi müqavilə imzalanıb.

Jan 17, 2025 - 07:32
İsrail və “HƏMAS” müqaviləni Dohada imzalayıb

SAVASHMEDİA.az bu barədə “Axios” nəşrinə istinadən xəbər verir.

Nəşrin mənbələrinin sözlərinə görə, müqavilə bir neçə gün davam edən gərgin danışıqlardan sonra İsrail, Qətər və Həmas nümayəndələri tərəfindən imzalanıb. Müqaviləni ABŞ adından prezident Co Baydenin Yaxın Şərq məsələləri üzrə baş müşaviri Brett Makqerk imzalayıb.

Məlumatda bildirilir ki, İsrail hökuməti şənbə günü, yanvarın 18-i axşamdan tez olmayaraq müqavilənin ratifikasiyasına səs verəcək.

Müqaviləyə əsasən, birinci mərhələdə aralarında qadın, uşaq, 50 yaşdan yuxarı kişi və yaralılar da daxil olmaqla 33 israilli girov, 700-dən çox fələstinli məhbus, o cümlədən israilliləri öldürməkdə ittiham olunan 275 nəfər azad ediləcək. Bundan başqa, müharibə zamanı saxlanılan, lakin 7 oktyabr hücumlarında iştirak etməyən min fələstinli sərbəst buraxılacaq.

Qəzza zolağına humanitar yardımlar, o cümlədən humanitar yardım daşıyan 600 yük maşını və 50 yanacaq tankeri, habelə köçkünlər üçün 200 min çadır və 60 min mobil ev çatdırılacaq.

Sənəddə Qətər, Misir və ABŞ-nin müqavilənin icrasının təminatçısı kimi çıxış etməsi nəzərdə tutulur.

Atəşkəsin 16-cı günündə İsrail və “HƏMAS” qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını ehtiva edən müqavilənin  ikinci mərhələsi üzrə danışıqlara başlayacaq.

ABŞ-nin 47-ci prezidenti olacaq Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts “CNN”ə bildirib ki, yeni administrasiya Netanyahuya “HƏMAS”ın müqavilənin istənilən hissəsindən imtina edəcəyi təqdirdə Vaşinqtonun İsraili dəstəkləyəcəyi barədə məlumat verib. Uolts əlavə edib ki, Tramp administrasiyası Qəzzanın demilitarizasiyasını və “HƏMAS”ın məhvini təmin edəcək.

Xatirə SADİQ