Tramp bu xəbəri təsdiqlədi
ABŞ prezidenti Donald Tramp ötən həftə Litvada zirehli maşınının bataqlıqda batması nəticəsində itkin düşən 4 amerikalı əsgərdən üçünün cəsədinin tapıldığını təsdiqləyib.
SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, Tramp bunu bazar ertəsi Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı deyib.
“Üçü (hərbçilər – red.) artıq aramızda deyil, biri isə, təəssüf ki, yəqin ki, eyni kateqoriyadadır. Lakin onlar (ordu – red.) hələ bunu açıqlamayıblar”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, görünür, nohurun sahili amerikalı əsgərlərin olduğu avtomobilin ağırlığı altında çöküb.
“Bu, çox ağır nəqliyyat vasitəsidir və əgər onlar bir az sürüşüblərsə, yəqin ki, məhz belə baş verib və o (avtomobil – red.) çevrilib”, - deyə Tramp söyləyib.
Qeyd edək ki, amerikalı əsgərlər və M88 Hercules zirehli maşını martın 25-də Litvanın təlim poliqonunda texniki xidmət üzrə təlim missiyasını yerinə yetirərkən yoxa çıxıblar.
Onların axtarışı üzrə əməliyyat bir neçə gün davam edib. Martın 31-də zirehli maşın Litva, Amerika və Polşa hərbçilərinin, eləcə də Litvanın digər xidmətlərinin mütəxəssislərinin iştirak etdiyi genişmiqyaslı xilasetmə əməliyyatı zamanı çıxarılıb. Hazırda dördüncü hərbçinin axtarışı davam etdirilir.
Xatirə SADİQ