“İsraillə müharibəyə hazırıq, lakin bunu istəməzdik” – Abbas Əraqçi

“İran regionda eskalasiyaya can atmır, lakin özünü müdafiə edə bilər”. 

Nov 28, 2024 - 13:47
“İsraillə müharibəyə hazırıq, lakin bunu istəməzdik” – Abbas Əraqçi

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Diario Noticias” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, İran İsraillə müharibəyə hazırdır, lakin bunu istəməzdi.

“İsrail rejimi bizim imkanlarımızı bilir. Biz israillilərdən fərqli olaraq bölgədə gərginliyin olmasını istəmirik. Təbii ki, biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq. Amma bu bizim istəyimiz deyil. Bu, bizim seçimimiz deyil. Əgər israillilər bu seçimə üstünlük versələr, biz buna tam hazırıq. Ancaq onlar istənilən fəsadlara görə məsuliyyət daşımalıdırlar”, - deyə Əraqçi vurğulayıb.  

İran diplomatiyasının rəhbəri hesab edir ki, Yaxın Şərqdəki münaqişələrin nizamlanmasında məsuliyyət ABŞ-nin üzərinə düşür. Onun fikrincə, İsrail bütün regionu genişmiqyaslı müharibəyə sürükləməyə çalışır. 

Nazir ölkəsinin müttəfiqi “Hizbullah” hərəkatının Livanın cənubunda iki aylıq döyüşlərdən sonra zəiflədiyi fikri ilə razılaşmayıb: “Əgər o, zəifləsəydi, mən düşünmürəm ki, İsrail atəşkəsə razı olardı”.

Atırladaq ki, noyabrın 26-da İsrailin hərbi-siyasi kabineti “Hizbullah” hərəkatı ilə atəşkəs sazişini təsdiqləyib. Sənəd noyabrın 27-nə keçən gecə qüvvəyə minib. 

Xatirə SADİQ