İtaliya prezidenti Maska sərt cavab verdi

Bu barədə İtaliya prezidenti “X” platformasında yazıb

Nov 13, 2024 - 16:14
İtaliya prezidenti Maska sərt cavab verdi

İtaliya prezidenti Sercio Matarella miqrantların Albaniyaya köçürülməsi ilə bağlı mübahisə kontekstində İtaliyada demokratiyanın mövcudluğunu şübhə altına alan amerikalı milyarder İlon Maskın sözlərinə sərt reaksiya verib.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İtaliya prezidenti “X” platformasında yazıb.

Onun sözlərinə görə, İtaliya böyük demokratik ölkədir və konstitusiyasına hörmət etməklə özünə necə qayğı göstərməyi bilir.

“Hər kəs, xüsusən də elan edildiyi kimi, dost və müttəfiq ölkədə mühüm hökumət rolunu öz üzərinə götürəcəksə, onun (İtaliyanın – red) suverenliyinə hörmət etməlidir və ona göstəriş vermək vəzifəsini öz üzərinə götürə bilməz”, - deyə İtaliya prezidenti vurğulayıb.

O, Maskın adını birbaşa açıqlamasa da, sonuncunun Tramp administrasiyasında yeni yaradılmış nazirliyə rəhbərlik edəcəyi məlumdur. 

Qeyd edək ki, Mask “X” sosial şəbəkəsində italyan hakimlərinin miqrantları alban mərkəzinə qaytarmaq qərarını şərh edərkən yazıb: “Bu qəbuledilməzdir. İtaliya xalqı demokratiyada yaşayır, yoxsa seçilməyən avtokratiya qərarlar qəbul edir?”.

Xatırladaq ki, oktyabr ayından etibarən  Albaniya və İtaliya arasında saziş qüvvəyə minib. Bu qanuna əsasən, Afrikadan Avropaya sərhədi keçməyə cəhd edərkən təhlükəsiz hesab edilən ölkələrdən beynəlxalq sularda saxlanılan kişilər iki alban mərkəzinə təhvil verilir.

Xatirə SADİQ