“The Gardian” öz materiallarını “X” platformasında dərc etməyəcək

Britaniyanın “The Guardian” nəşri bundan sonra öz rəsmi hesablarından materialları amerikalı milyarder İlon Maskın “X” sosial media platformasında dərc etməyəcək.

Nov 13, 2024 - 20:10
“The Gardian” öz materiallarını “X” platformasında dərc etməyəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşr yazır ki, buna səbəb, “X” platformasında rast gəlinən narahatedici kontent, həddindən artıq sağçı sui-qəsd nəzəriyyələri və irqçilikdir.

“Biz oxuculara bildirmək istəyirik ki, artıq “X” sosial mediada “Guardian”ın rəsmi redaksiya hesablarında material dərc etməyəcəyik”, - açıqlamada deyilir.

Jurnalistlər bildiriblər ki, onlar üçün “X”də olmağın mənfi cəhətləri indi əvvəlkindən daha əhəmiyyətlidir. Onların sözlərinə görə, redaksiyada çoxdan bu sosial şəbəkədən istifadə etməkdən imtina barədə fikirləşiblər və ABŞ-dəkı prezident kampaniyası “X”in “toksik media platforması” olduğunu göstərib. Bundan əlavə, onlar Maskı “X”in köməyi ilə “siyasi diskurs formalaşdırmaq” üçün öz təsir gücündən sui-istifadə etməkdə günahlandırdılar.

Eyni zamanda redaksiyada vurğulayıblar ki, istifadəçilər nəşrin materiallarını öz “X” hesablarında paylaşa bilərlər.

2023-cü ildə Mask, yəhudi təşkilatlarının “ağ insanlara qarşı nifrət doğurduğunu” söyləyən bir “X” istifadəçisinin yazısını açıq şəkildə dəstəklədiyindən “Disney”, “Warner Bros.”, “Apple”, “IBM”, “Comcast” kimi şirkətlər sosial şəbəkələrdə reklam boykotları elan etdilər.

Xatirə SADİQ