Kəmaləddin Heydərov, Eldar Əzizov və Anar Quliyev - Yağış böhranının müəllifləri
Paytaxta yağan güclü yağış ciddi fəsad törətməklə yanaşı iki vətəndaşın həyatına son qoydu.
Baş verən fəlakət şəhərdə yağış sularından yaranan problemləri önə çəkib. Aidiyyəti qurumlara etiraz edənlər hadisədə məsuliyyət daşıyanlar barəsində tədbir görülməsini tələb edirlər. Sosial şəbəkələrdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı daha çox hallandırılır.
Hüquqşünas Əkrəm Həsənov isə pravda.az-a açıqlamasında deyib ki, baş verən hadisədə təkcə Fövqəladə Hallar Nazirliyinin məsuliyyət daşıdığını hesab etmir.
“FHN-lə yanaşı əsas Bakı Şəhər İcra Hakimiyyətinin də rolu böyükdür. Çünki ilkin razılıq onlardan çıxır. Bu iki qurum Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə istismar işini birgə həyata keçirirlər. Şəxsən mən hesab edirəm ki, Bakıda kimə gəldi pərakəndə tikintiyə icazə verirlər. Heç bir sistem, qayda yoxdur. Normalara riayət olunmur. Bunun tam məntiqi nəticəsidir ki, iki gün yağan yağış belə bir vəziyyət yaratdı. Bundan betər olsaydı, görün nə günə düşərdik. Siyasi cəhətdən adıçəkilən qurumların hamısının rəhbərləri tutduqları vəzifələrə cavab vermirlər, sahələrini idarə edə bilmirlər. Əməllərində konkret cinayət var, ya yoxdur, bu, artıq tamam başqa məsələdir. Şəhərdə belə vəziyyətin yaranmasına kim yol veribsə, araşdırılmalıdır. Sübut olunsa ki, konkret cinayət əməlləri var, əlbəttə, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ən azından ortada siyasi məsuliyyət var. Siz bu sahələrin rəhbərlərisiniz. Elementar şeyin öhdəsindən gəlmirsiniz”, – o bildirib.