İki Şimali Koreyalı əsir vətənə qayıtmaq İSTƏMƏDİ - Zelenski onları bu ÖLKƏYƏ VERDİ

Ukraynanın Rusiyanın Kursk vilayətində əsir götürdüyü iki Şimali Koreyalı hərbçi Cənubi Koreyaya göndərilib.

Sep 27, 2026 - 21:05
İki Şimali Koreyalı əsir vətənə qayıtmaq İSTƏMƏDİ - Zelenski onları bu ÖLKƏYƏ VERDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. 

Onun sözlərinə görə, iki Şimali Koreyalı hərbi əsir yaxın vaxtlarda Cənubi Koreyaya təhvil verilib.

Hər iki hərbçi 2025-ci ilin yanvarında Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Onlar Rusiyanın tərəfində döyüşmək üçün bölgəyə göndərilən Şimali Koreya hərbçiləri arasında olublar.

Cənubi Koreya mediasının məlumatına görə, hərbçilər əsirlikdə olduqları müddətdə Cənubi Koreyaya getmək istədiklərini bildiriblər. Seul da əvvəllər Şimali Koreyalı hərbi əsirlər öz iradələri ilə Cənubi Koreyaya getmək istəsələr, onları qəbul etməyə hazır olduğunu açıqlamışdı.

Zelenski bildirib ki, hərbçilərdən biri əsir götürüləcəyini anlayanda intihara cəhd edib. Ukrayna prezidenti bunu Şimali Koreyada hərbçilərə verilən təlim və təbliğatla əlaqələndirib.

İki hərbçinin Cənubi Koreyaya göndərilməsi isə müəyyən müddət məxfi saxlanılıb. Cənubi Koreya Prezidenti Li Ce Myonq bildirib ki, Seul və Kiyev transferin açıqlanmaması barədə razılığa gəlib. Onun sözlərinə görə, məlumatın ictimailəşdirilməsi hərbçilərin və Şimali Koreyada qalan ailə üzvlərinin təhlükəsizliyi baxımından problem yarada bilər.

Seul məsələni hərbçilərin azad iradəsi, beynəlxalq hüquq və humanitar prinsiplər əsasında həll etdiyini bildirir.

Səlcuq