Kozinoğlunun ölüm işində adı keçən həkim ÖLÜ TAPILDI 

Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan istintaqda adı hallanan keçmiş həbsxana həkimi Turgay Tamer evində ölü tapılıb.

Sep 27, 2026 - 20:45
Kozinoğlunun ölüm işində adı keçən həkim ÖLÜ TAPILDI 

SAVASHMEDİA.az xəbər verir ki, Tamer İstanbulun Böyükçəkməcə rayonundakı evində həyatını itirib. 

Məlumata görə, bir neçə günlük xarici səfərdən qayıdan həyat yoldaşı onu evdə hərəkətsiz vəziyyətdə aşkar edib.

66 yaşlı Tamer sentyabrın 10-da Kozinoğlunun ölümü ilə bağlı yenidən açılan istintaq çərçivəsində saxlanılmış, amma sentyabrın 14-də azadlığa buraxılmışdı.

İstintaq materiallarına görə, Tamer Kozinoğlunun ölümünə müdaxilə edən həkim olmayıb. O dövrdə Silivridə kampus həkimi kimi çalışıb. Prokurorluğun açıqlamasında bildirilib ki, Kozinoğlunun səhhətinin pisləşməsi barədə Tamerə məlumat verilməyib.

Turgay Tamerin ölüm səbəbi hələlik məlum deyil. Meyit ekspertizaya göndərilib və dəqiq səbəbin yarılmadan sonra müəyyənləşdiriləcəyi bildirilir.

Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümü ilə bağlı istintaq isə 2026-cı ilin sentyabrında yenidən gündəmə gəlib. Onun məzarı açılaraq nümunələr götürülüb və ölümündə hər hansı kənar müdaxilənin olub-olmadığı araşdırılır.

Hazırda Tamerin ölümü ilə Kozinoğlu işi arasında əlaqə olduğuna dair rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Aytən