Gürcüstandan Azərbaycanın bu rayonuna ƏRAZİ İDDİASI - “Tarixi Hereti” söhbəti haradan çıxdı?
Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədində aparılan bərpa işləri Gürcüstanda etirazlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Gürcüstan Patriarxlığı sentyabrın 24-də yaydığı bəyanatda Qax rayonundakı Kürmük Müqəddəs Georgi məbədində və onun ətrafında aparılan işlərdən narahatlığını bildirib.
Patriarxlıq məbədin Azərbaycanın ərazisində yerləşdiyini etiraf etsə də, onu Gürcüstanın və Gürcüstan kilsəsinin “tarixi və mənəvi irsinin mühüm abidəsi” adlandırıb. Açıqlamada Qaxdakı məbəd “tarixi Hereti” ərazisinin bir hissəsi kimi təqdim olunub.
Gürcüstan Patriarxlığı həmçinin bildirib ki, Azərbaycan tərəfi aparılan işlərlə bağlı onlara məlumat verməyib. Qurum məbəddə hansı işlərin görüldüyünün, bu işlərin hansı araşdırmalara əsaslandığının və kim tərəfindən aparıldığının müəyyənləşdirilməsini istəyib.
Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirlik Gürcüstan Patriarxlığının Azərbaycan ərazisindəki coğrafi və tarixi toponimləri başqa adlarla təqdim etməsini qəbuledilməz adlandırıb.
Fotoda Kürmük Müqəddəs Georgi məbədi
XİN-in açıqlamasında Patriarxlığın yanaşmasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair ərazi iddiaları ehtiva etdiyi vurğulanıb. Bakı həmçinin dini qurumların iki ölkə arasında formalaşmış dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsinin vacibliyini bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə sentyabrın 27-də Azərbaycanla bütün məsələlərin dostluq şəraitində müzakirə edildiyini və münasibətlərdə gərginlik olmadığını deyib.
Səlcuq