Kiyevdə iki çinli casus saxlanıldı – Ukrayna kəşfiyyatı

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatı ölkənin “Neptun” raketlərinin istehsalına dair sənədləri götürməyə çalışan iki Çin vətəndaşını Kiyevdə həbs edib.

Jul 9, 2025 - 15:01
Kiyevdə iki çinli casus saxlanıldı – Ukrayna kəşfiyyatı

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə UTX-nin və Baş Prokurorluğunun məlumatında deyilir. 

“UTX-nin əks-kəşfiyyatı Kiyevdə Ukraynanın RK-360MC “Neptun” raket sistemi ilə bağlı məxfi sənədləri qanunsuz olaraq Çinə ixrac etməyə cəhd göstərən iki Çin Xalq Respublikasının (ÇXR) vətəndaşını saxlayıb. İstintaq müəyyənləşdirib ki, çinli casuslardan biri Kiyevin texniki universitetlərindən birinin 24 yaşlı keçmiş tələbəsidir. O, 2023-cü ildə akademik müvəffəqiyyətsizliyə görə universitetdən qovulduqdan sonra Kiyevdə qalıb. Digər şəxs isə onun atasıdır, o, daimi olaraq ÇXR-də yaşayır, lakin vaxtaşırı oğlunun kəşfiyyat işini şəxsən əlaqələndirmək üçün Ukraynaya səfər edib”, - məlumatda bildirilib.

UTX diqqətə çatdırıb ki, keçmiş çinli tələbə “Neptun”ların istehsalı ilə bağlı texniki sənədlər əldə etmək üçün yeni silahların hazırlanmasına aiddiyəti olan ukraynalını casusluğa cəlb etməyə çalışıb: “UTX casusu kəşfiyyat fəaliyyətinin ilkin mərhələsində ifşa edib və gizli sənədlər ötürülərkən onu cinayət başında saxlayıb. Növbəti mərhələdə isə gizli məlumatları ÇXR xüsusi xidmət orqanlarına ötürməli olan ata casus saxlanılıb”. 

Baş Prokurorluqdan bildirilib ki, keçmiş tələbənin atası iyulun 7-də Ukrayna ərazisinə daxil olub və ertəsi gün ÇXR-in Kiyevdəki səfirliyini ziyarət edib.

Saxlanılan hər iki şəxsə 114-cü maddənin 1-ci hissəsi üzrə “Casusluq” haqqında iş açıldığı barədə məlumat verilib.

Xatirə SADIQ