Kobaxidze Zelenskiyə cavab verdi - "Cəfəngiyatdır..."
“Mən Volodimir Zelenski ilə polemikaya girmək istəmirəm. O, müharibə şəraitində olan ölkənin prezidentidir və müvafiq olaraq, hansı bəyanatlar verməsindən asılı olmayaraq, onlara cavab verməyə ehtiyac görmürəm”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Bununla belə, Kobaxidze Ukrayna prezidentinin BMT Baş Assambleyasındakı çıxışında Gürcüstanla bağlı açıqlamasına münasibət bildirməkdən özünü saxlaya bilməyib.
Gürcüstan baş naziri iddia edib ki, Ukraynada həm demokratiya, həm də insan haqları baxımından vəziyyət açıqnacaqlıdır, amma onun ölkəsi bu sahədə şəksiz liderdir.
“İnsanlar belə vəziyyətdə Gürcüstanda demokratiya və insan haqları haqqında danışmağa başlayanda, bu, özü-özlüyündə cəfəngiyatdır. Gürcüstan Avropa İttifaqına (Aİ) namizəd ölkələr arasında, o cümlədən demokratiya və insan haqları baxımından şəksiz liderdir. Biz həm insan haqları, həm də demokratiya baxımından bütün digər namizəd ölkələrdən on baş üstünük", - İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sammitində çıxış edərkən Gürcüstanla bağlı məsələyə də toxunub. “Avropada biz artıq Gürcüstanı itirmişik. Orada insan haqları və Avropa tipli dövlət quruluşu ilə bağlı vəziyyət yalnız pisləşməkdədir. Avropan Moldovanı da itirməyə imkan verməməlidir”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ