Konqres “USAİD”in ləğvinə əngəl yaradacaq

Ceykobs əmindir ki, qanun layihəsinin müəllifləri onun qəbulu üçün lazım olan 218 səsi tapa biləcəklər.

Feb 12, 2025 - 11:49
Konqres “USAİD”in ləğvinə əngəl yaradacaq

Konqresinin bir qrup demokrat qanunvericisi Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) ləğv etmək üçün dövlət vəsaitlərindən istifadə etməsinin qarşısını almağa yönəlmiş qanun layihəsini təqdim etməyə hazırlaşır.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters”ə qanun layihəsinin müəllifi Sara Ceykobs danışıb. 

Ceykobsun sözlərinə görə, qanun layihəsi “USAİD”in müstəqil agentlik kimi ləğv edilməsi üzərində çalışanların, o cümlədən İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti əməkdaşlarının maaşlarının ödənilməsi və digər xərclərin ödənilməsi üçün dövlət vəsaitlərindən istifadə etməyi administrasiyaya qadağan edəcək.

Konqresmen deyib ki, “USAİD”in ləğvi onsuz da qeyri-qanunidir: “İlon Maskın artıq gördüyü işlər qeyri-qanunidir. Əgər onlar, heç olmasa, bir ABŞ dolları xərcləsələr, biz isə bilirik ki, onu ləğv etmək üçün əllərində vəsait var, bu, əlavə qanunsuzluq səviyyəsi olacaq. Konqresdə keçmişdə “USAİD”in taleyinə biganə olmadıqlarını söyləyən kifayət qədər respublikaçı var”.

Ceykobs əmindir ki, qanun layihəsinin müəllifləri onun qəbulu üçün lazım olan 218 səsi tapa biləcəklər.

Qanun layihəsində deyilir ki, “USAID” müstəqil agentlik kimi yalnız Konqres aktı ilə ləğv edilə bilər.

Sənəddə o da qeyd olunur ki, istənilən islahat qanuna uyğun aparılmalıdır. Demokrat konqresmenlər hesab edirlər ki, prezident Donald Trampın agentliyin ləğvi ilə bağlı addımı qeyri-qanunidir. 

“Reuters” yazır ki, hərçənd qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda çətinliklərlə qarşılaşa bilər. Amma əgər bu layihə qanuna çevrilərsə, dövlət katibi qanunun qüvvəyə minməsindən sonra 30 gün ərzində və bundan sonra hər beş ildən bir ona əməl edildiyini təsdiq etməli olacaq.

Xatırladaq ki, Tramp andiçmə mərasimindən dərhal sonra “USAİD” vasitəsilə həyata keçirilən humanitar yardımı dayandırdı və agentliyin bütün dünya üzrə əməkdaşları inzibati məzuniyyətə buraxıldı.

Fevralın 7-də Tramp bildirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyində korrupsiya duyulmamış səviyyəyə qalxıb və onun ləğv olunması zəruridir.

Lakin elə həmin gün Amerika hakimi  Tramp administrasiyası tərəfindən məzuniyyətə buraxılan təxminən 2700 “USAİD” əməkdaşına müvəqqəti olaraq işə qayıtmağa icazə verdi və agentliyin ləğv olunması üzrə planın bəzi aspektlərinin həyata keçirilməsini dayandırdı.

Xatirə SADİQ