Varlı rusiyalılara xidmət edən qlobal cinayətkar şəbəkə ləğv edildi 

Birləşmiş Ştatlar və Britaniya sanksiyalardan yayınmaq üçün varlı rusiyalıların istifadə etdiyi qlobal çirkli pulların yuyulması şəbəkəsinin ləğv edildiyini açıqlayıb. 

Dec 5, 2024 - 12:59
Varlı rusiyalılara xidmət edən qlobal cinayətkar şəbəkə ləğv edildi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Britaniya hakimiyyətinin məlumatına əsasən, şəbəkə həm də narkotik alverçiləri, cinayətkarlar və casuslar üçün pulları yuyub.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, “TGR Group”un üzvlərinə sanksiya tətbiq edib. Bu qrup Moskvaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaq üçün rus milyonerlərinə kriptovalyutadan istifadə etməyə kömək edib. 

“Rusiya elitaları “TGR Group” vasitəsilə ABŞ və beynəlxalq sanksiyalardan yayınmaq üçün rəqəmsal aktivlərdən, xüsusən də ABŞ dolları ilə təmin olunan steyblkoinlərdən istifadə etməyə çalışıblar, bununla da həm özlərini, həm də Kremli zənginləşdiriblər”, - deyə ABŞ maliyyə nazirinin müavini vəzifəsini icra edən Bredli Smit vurğulayıb. 

Böyük Britaniyanın Cinayətlə Mübarizə üzrə Milli Agentliyindən (NCA) bildirilib ki, beynəlxalq hüquq-mühafizə orqanlarının “Destabilizasiya Əməliyyatı” kod adlı əməliyyatı 30 ölkəni əhatə edən şəbəkəni sıradan çıxarıb.

NCA əlavə edib ki, əməliyyatda Fransa, İrlandiya və Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyətləri də iştirak edib. Bu, indiyədək 84 nəfərin həbsi və 20 milyon funt-sterlinqdən (25 milyon dollar) çox nağd pul və kriptovalyutanın ələ keçirilməsi ilə nəticələnib.

NCA bildirib ki, şəbəkə ciddi şəkildə bütün dünyada mütəşəkkil cinayətkarlığı dəstəkləməklə Böyük Britaniyanı, Avropa qitəsini, Yaxın Şərqi və Cənubi Amerikanı əhatə edib. 

Böyük Britaniyada bildirilib ki, “TGR Group” sanksiyaya məruz qalan rusiyalıların maliyyə sisteminə çıxış əldə etməsinə kömək etmək üçün “Smart” şəbəkəsi ilə birgə işləyib.

“Biz ilk dəfə olaraq Rusiya elitalarının böyük miqdarda kriptovalyutaları olan kibercinayətkarlar və Böyük Britaniya küçələrində narkotik alverçiləri arasında əlaqələrini müəyyən edə bildik. “Smart” və “TGR Group” arasında əvvəllər görünməyən əlaqə yalnız indi üzə çıxdı”, - deyə NCA-nın əməliyyatlar üzrə baş direktoru Rob Cons vurğulayıb. 

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, “Smart” şəbəkəyə Yekaterina Jdanova rəhbərlik edir. Bu qadın əvvəllər ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən sanksiyaya məruz qalıb. O, fırıldaqçılıq yolu ilə açılmış investisiya hesabı və satınalma vasitəsilə rusiyalı müştərisinə Qərbi Avropaya pul köçürməkdə və daşınmaz əmlak almaqda kömək edib. Jdanovanın hazırkı yeri məlum deyil.

Nazirlik həmçinin “TGR Group”a nəzarət etdiyi güman edilən ukraynalı Georgi Rossiyə qarşı sanksiyalar elan edib. Rossi Rusiyada doğulub. 

NCA bildirib ki, “Smart” şəbəkəsi əvvəllər Rusiya kəşfiyyatının əməliyyatlarını maliyyələşdirmək üçün istifadə edilib. 

Agentlik əlavə edib ki, həm “Smart”, həm də “TGR” aktiv şəkildə kriptovalyutadan istifadə edir. Məsələn, Rusiya cinayətkar qrupları digər ölkələrdə ekvivalent nağd pula malik olan narkotik kartellərinə ödəniş etmək üçün kriptovalyutalarla haqq-hesab çəkib.

Xatirə SADİQ