Çindən sifariş edilən maşın yolda necə "yoxa çıxdı"? - “Caspian Global Auto”dan şikayət
Çindən avtomobil sifariş edən Bəhram Axundov üzləşdiyi problemlə bağlı saytımıza şikayət ünvanlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Bəhram Axundov mayın 11-də “Caspian Global Auto” şirkəti vasitəsilə Çindən avtomobil sifariş edib.
Ona şirkət tərəfindən avtomobilin 40-45 gün ərzində Azərbaycana çatdırılacağı bildirilib. O, ilkin olaraq 3000 manatı şirkət rəhbəri kimi təqdim olunan Ramil adlı şəxsə kartdan-karta köçürdüyünü, daha sonra isə qalan məbləği bank vasitəsilə ödədiyini qeyd edib.
Şikayətçi bildirib ki, ödənişdən təxminən 20 gün sonra avtomobilin vəziyyəti ilə maraqlanmağa başlayıb və ona maşının Çinin Horgos şəhərinə çatdığı deyilib. Lakin video görüntü tələb edildikdən sonra müxtəlif bəhanələrlə vaxt uzadılıb.
“Müxtəlif bəhanələrlə “bu gün-sabah” deyərək söhbəti iyunun 11-nə qədər uzatdılar. Daha sonra avtomobilin iyunun 22-də çatdırılacağını bildirdilər”, - Axundov qeyd edib.
Onun sözlərinə görə, iyunun 20-də ona gözlənilməz məlumat verilib: “Avtomobil yoxdur. Mənə eyni modeldə, eyni rəngdə başqa avtomobil alıblar. Mənim icazəm olmadan”.
Bəhram Axundov həmin avtomobildən imtina edib və müqavilənin ləğv olunaraq ödənişinin geri qaytarılmasını tələb edib. Lakin şirkətdən avtomobilin artıq alındığı və əlavə xərc çəkildiyi bildirilib.
Şikayətçinin iddiasına görə, sifariş zamanı avtomobilin istehsal tarixinin son aylara aid olmasını istəyib. Şirkət tərəfindən ona mart-aprel istehsalı avtomobil veriləcəyi bildirilsə də, sonradan yanvar istehsalı və başqa VİN kodlu avtomobil alınıb.
Axundov daha sonra çatdırılma tarixlərinin dəfələrlə dəyişdirildiyini iddia edib: “Əvvəl dedilər yollar boşdur, avtomobil azdır, 7 günə çatacaq. Sonra başqa tarix verdilər. Mən isə buna görə təyyarə biletlərimin tarixini dəyişdim, cərimə ödədim”.
Onun sözlərinə görə, iyulun 5-də şirkətin ofisinə yaxınlaşdıqda avtomobilin hələ avtovoza belə yüklənmədiyini öyrənib. “Mənə iki həftədir “avtomobil yoldadır” deyirdilər. Amma məlum oldu ki, heç yüklənməyib”, - şikayətçi bildirib.
Axundov qeyd edib ki, şirkət əməkdaşları ilə yazışmaları və səs qeydlərini saxlayıb. O, həmçinin bank vasitəsilə ödəniş sənədlərində göstərilən VİN kodla faktiki alınan avtomobil arasında fərq olduğunu bildirib.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına da müraciət edəcəyini bildirib: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, DİN və Vergi xidmətinə müraciət edəcəyəm. Vəkillə məsləhətləşib məhkəmə yolu ilə ödədiyim vəsaiti və kompensasiya tələb edəcəyəm”.
Səlcuq
Qeyd: Yazıda yalnız vətəndaşın iddiaları əks olunub. “Caspian Global Auto” şirkətinin mövqeyini də dərc etməyə hazırıq.