Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA - "Elə deməmişəm..."
Keçmiş təhsil naziri Misir Mərdanov son müsahibəsində səsləndirdiyi fikirlərin Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldilməsi ilə bağlı iddialara münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, məsələ Misir Mərdanovun sentyabrın 11-də “Pozan Media”ya verdiyi müsahibədən sonra səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə fərqli yozulması ilə gündəmə gəlib.
Mərdanov müsahibəsində təhsil sahəsindəki problemlərdən, DİM-nin fəaliyyəti və qəbul imtahanları ilə bağlı yanaşmasından danışıb. O, Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumla nazir işlədiyi dövrdə də müəyyən fikir ayrılıqlarının olduğunu bildirib.
Keçmiş nazir xüsusilə 9-cu və 11-ci siniflərdə keçirilən test imtahanlarından danışarkən onun əleyhinə kampaniya aparıldığını deyib.
“İnanın, mənim əleyhimə o qədər kampaniya apardılar, "yuxarıdan" dedilər ki, sən bunu dayandır, bunu da onlar aparmalıdır”, - Mərdanov bildirib.
Müsahibənin ardınca bəzi media və sosial şəbəkə paylaşımlarında bu fikirlər Mərdanovun Məleykə Abbaszadəyə qarşı mövqeyi kimi təqdim olunub.
Bundan sonra Misir Mərdanov xüsusi açıqlama yayaraq fikirlərinin təhrif edildiyini bildirib.
O qeyd edib ki, müsahibə zamanı heç kəsin şəxsiyyətinə toxunmadan, təhsil sahəsində mövcud problemlərlə bağlı subyektiv fikirlərini ifadə edib.
Mərdanov Məleykə Abbaszadəni 30 ildən artıqdır tanıdığını vurğulayıb. Onun sözlərinə görə, uzun illər ərzində Abbaszadə ilə çoxsaylı tədbirlərdə iştirak edib və ona hər zaman hörmətlə yanaşıb.
Keçmiş nazir bildirib ki, bu hörmətini bu gün də qoruyub saxlayır.
Oğuz