Körpələrdə qulaq ağrısı - Səbəbləri və müalicəsi

Körpə və uşaqları ən çox narahat edən sağlamlıq problemlərindən biri qulaq ağrısıdır. Qulaq ağrısı həm qulağın özü ilə, həm də başqa narahatlıqlarla bağlı ola bilər.

Apr 26, 2025 - 14:27
Körpələrdə qulaq ağrısı - Səbəbləri və müalicəsi

SAVASHMEDİA.az körpə və uşaqlarda qulaq ağrısının səbəblərini, simptomlarını və təbii yolarla ağrıdan qaldırmağın yollarını təqdim edir.

Körpələrdə qulaq ağrısının səbəblərindən biri anaların əmizdirərkən uşağın başını çox aşağı tutmalarıdır. Bu zaman yaranan təzyiq qulaqda ağrı yarada bilər.

İnfeksiyalar və qrip burun tutulmasına səbəb olur. Burundan nəfəs ala bilməyən körpə ağız vasitəsilə nəfəs almağa çalışır, bu da qulağa təzyiq yaradır və ağrıya səbəb olur. Körpələrdə süd dişlərinin çıxması zamanı da qulaq ağrılarına rast gəlinir.

Uşaqlarda qrip, qulaqda iltihab, qulaqdibi, çürüyən dişlər, qulağa yad cisimin daxil edilməsi qulaq ağrısı yaradır.Boğaz əti, damaq badamcıqlarının (qlanda) iltihablanması da qulaq ağrısına səbəb olur.

Körpə və uşaqlarda qulaq ağrısının simptomları:

•    Qulağı ovuşdurma, qulağı çəkmə, əlini tez-tez qulağa aparma
•    38 dərəcə və ya daha yüksək qızdırma 
•    Mədədə bulantı və qusma
•    Şiddətli başgicələnməsi 
•    Qulaqdan su gəlməsi 
•    Müəyyən səslərə reaksiya verməmək
•    Yatmamaq, əsəbilik, əhval-ruhiyyə dəyişkənliyi
•    Çox ağlamaq
•    İştahın azalması

Qulaq ağrısını aradan qaldırmaq üçün analar əmizdirərkən və ya qida yedirərkən uşağın başını aşağı tutmamalıdır.Körpənin başının altına yumşaq və çox hündür olmayan yastıq qoymaq məqsədəuyğundur. 
Burunda çirk qalıntısı varsa, ehtiyyatla təmizləyərək rahat nəfəs almasını təmin etmək lazımdır.

Qulağı yandırmayacaq şəkildə 20 dəqiqə isti (və ya 20 dəqiqə soyuq kompres) qoymaq qulaq ağrısının şiddətini azalda bilər.

Qulağa pipetlə 1-2 damcı kamfora yağı tökmək və ya kamfora yağı ilə 15-20 dəqiqə tampon qoymaq qulaq ağrısını yüngülləşdirir.

Udqunmaq, əsnəmək,saqqız çeynəmək qulağı hərəkətə gətirərək ağrının şiddətini azalda bilər. Uşağa və ya körpəyə bol su içirmək də qulaq ağrısını yüngülləşdirə bilər.

Çürük diş, dişçıxarma, qrip və ya başqa iltihab mənşəli qulaq ağrısıdırsa, ilk bu narahatlıqlarla bağlı tədbir görülməlidir.

Qeyd: Bu vasitələr kömək etmirsə, mütləq həkimə müraciət edin!

Banu