Körpəsini aeroportun tualetinə atıb qaçan qadından xəbər var
Yeni doğulmuş qız uşağını Antalya hava limanında tualetə atıb qaçan rusiyalı Yekaterina Burnazkina və anası yerli qanunlara əsasən Türkiyədə mühakimə olunacaq.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə vəkil Ayşegül Kübra Polat deyib.
Onun sözlərinə görə, hadisə Türkiyədə baş verdiyi üçün bu cinayət işinə də bu ölkədə baxılacaq.
Polat qeyd edib ki, rusiyalı qadınları ekstradisiya məsələsi hələ müzakirə olunmur və onların ilk məhkəmə iclasının dekabrda keçiriləcəyi gözlənilir.
Vəkil vurğulayıb ki, indi cəza müddətindən danışmaq erkəndir, lakin məhkəmənin qərarına cəzanı yüngülləşdirə biləcək müxtəlif amillər təsir edə bilər.
Xatırladaq ki, bu yaxınlarda Antalya hava limanında rəzil hadisə baş verib. Xadimə əlillər üçün olan qadın tualetindəki unitazlardan birinün üzərində yeni doğulmuş sağ körpə tapıb.
Kameralar vasitəsilə uşağını atıb qaçan ananın kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, 18 yaşlı Rusiya vətəndaşı Yekaterina Burnazkina olub.
Polis gənc qadını və anasını hava limanında saxlamağa nail olduqdan sonra Türkiyə məhkəməsi onların həbsinə qərar verib.
Xatirə SADİQ