Kreml Trampın açıqlamalarından məyusdur – “Bəs deyirdi ki…”

“ABŞ-dən Ukraynaya silah tədarükü necə gedirdisə, eləcə də davam edir”. 

Jul 14, 2025 - 16:10
Kreml Trampın açıqlamalarından məyusdur – “Bəs deyirdi ki…”

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Avropanın hesabına Ukraynaya əlavə silah, o cümlədən “Patriot” raketləri göndərmək planlarını şərh edərkən bildirib.

“Xərclərin yüksək olması ilə bağlı çoxlu söz oldu. İndi belə görünür ki, bu tədarüklər Avropa ölkələri tərəfindən ödəniləcək. Bəziləri ödəniləcək, bəziləri isə ödənilməyəcək. Fakt budur ki, ABŞ-dən Ukraynaya silah, sursat, hərbi texnikanın tədarükü davam edib və davam etməkdədir”, - deyə Peskov vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukraynaya “Patriot” raketləri də daxil olmaqla əlavə silahlar tədarük edəcəyini və tədarükün ödənişini NATO ölkələri tərəfindən həyata keçiriləcəyini açıqlamışdı.

Xatırladaq ki, Ağ Ev rəhbəri ötən həftə ABŞ, NATO və Ukrayna arasında Amerika silahlarının tədarükü ilə bağlı yeni sazişin təfərrüatlarını elan etdi. O, izah etdi ki, Vaşinqton NATO-ya silah göndərəcək, sonra alyans onları Kiyevə təhvil verəcək və pulunu ödəyəcək. Tramp bildirib ki, bu razılıq NATO sammitində əldə olunub. Eyni zamanda, prezident iyulun 14-də Rusiya ilə bağlı “vacib bəyanat” səsləndirəcəyinin anonsunu verdi. Eyni zamanda Amerika lideri rusiyalı həmkarının münaqişənin həlli istiqamətində atdığı addımlardan “məyus olduğunu” bildirdi və “kiçik sürpriz təşkil edəcəyini” diqqətə çatdırdı.

Axios xəbər verir ki, Trampın bəyanatında Kiyevə hücum silahlarının göndərilməsi müzakirə olunacaq. Nəşrin mənbələri uzaqmənzilli raketlərin ötürülməsinin elan olunacağını istisna etməyib. 

“The Wall Street Journal” yazıb ki, ABŞ prezidenti ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynaya “lazım olduğu qədər çox silah” tədarük edəcəyinə söz verib.

Xatirə SADİQ