Kremlə yaxın erməni biznesmen İrəvanda həbs edildi

İrəvanda iyunun 18-nə keçən gecə erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri, milyarder Samvel Karapetyan saxlanılıb. 

Jun 18, 2025 - 15:31
Kremlə yaxın erməni biznesmen İrəvanda həbs edildi

SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanları onu hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda (Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi) ittiham edib.

Onun vəkili Aşot Feroyanın sözlərinə görə, Ermənistan İstintaq Komitəsi müvəkkilinə qarşı cinayət işi açıb. Lakin milyarder günahını etiraf etmir. 

Məlum olub ki, iyunun 17-də Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları Karapetyanın İrəvandakı malikanəsində axtarışlar aparıblar. Əməliyyat tədbirləri zamanı təhlükəsizlik qüvvələri 20 nəfəri saxlayıb.
 
“The Moscow Times” yazır ki, bu həbs Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin iyerarxiyası arasında yaranmış qalmaqal fonunda baş verib. İyunun əvvəlində kilsənin ali ruhani şurası “səlahiyyətli dövlət orqanları”nı Paşinyanın kilsə əleyhinə kampaniyasına müdaxilə etməyə çağırıb. Çünki Paşinyan xüsusilə də bütün ermənilərin katolikosu II Qaregini uşaq sahibi olmaqda və subaylıq andını pozmaqda ittiham edərək, onu istefaya çağırıb. Kilsə hesab edir ki,  bu cür bəyanatlar erməni dövlətçiliyini təhdid edir və ermənilərin milli ruhunu zəiflətməklə cəmiyyəti parçalayır. 

Kilsə ilə baş nazir arasındakı münaqişədə Karapetyan birincinin tərəfini tutub və bildirib ki, “erməni tarixini, erməni kilsəsinin min illik tarixini unudan kiçik bir qrup erməni kilsəsinə və erməni xalqına hücum etdi”.

Paşinyan buna cavab olaraq milyarderə məxsus olan “Ermənistanın Elektrik Şəbəkələri”nin (EEŞ) milliləşdirilməsinə çağırıb. 

“Forbes” jurnalına görə, 59 yaşlı Karapetyan Rusiyanın ən varlı sahibkarları arasında 44-cü,  dünyanın ən varlı adamları arasında isə 1102-ci yerdədir. Onun sərvəti 3,2 milyard dollar dəyərində qiymətləndirilir. Daşınmaz əmlak, tikinti, enerji, maliyyə, tikinti materialları istehsalı və restoran biznesi sahələrində layihələr hazırlayan “Taşir” şirkətinin ümumi gəliri 2024-cü ildə 260 milyard rublu ötüb. 

Xatirə SADİQ