Putinin keçmiş arvadına sanksiyalar tətbiq olundu

Kanada hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirib və siyahıya 77 fiziki şəxsi, 39 şirkəti, habelə Rusiya Federasiyasının “kölgə” donanmasının 201 gəmisini əlavə edib. 

Jun 18, 2025 - 15:56
Putinin keçmiş arvadına sanksiyalar tətbiq olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumat Kanada hökumətinin saytında yerləşdirilib. 

Yeni məhdudiyyətlər Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və onun əri Artur Oçeretnıya, Rusiya liderinin qohumları Mixail Putin və Mixail Şelomova da şamil edilib.

Kanadaya giriş qadağasını və ölkədəki aktivlərin dondurulmasını da nəzərdə tutan sanksiyalara “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubays, Rusiyanın ilk prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşeva və onun əri, 1997–1998-ci illərdə prezident administrasiyasına rəhbərlik etmiş Valentin Yumaşev də məruz qalıb.

Sanksiya siyahısına Mariinski teatrının bədii rəhbəri və “Bolşoy” Teatrın direktoru Valeri Gergiev, milyarder Vladimir Yevtuşenkov, “Qazprom Neft” ASC-nin idarə heyətinin sədri Aleksandr Dyukov, “InfoWatch”in rəhbəri Natalya Kasperskaya, “Şimal axını-2” operatorunun keçmiş icraçı direktoru Mattias Varinq, Avstriyanın Xarici İşlər Nazirliyinin keçmiş başçısı Karin Knaysl və başqa şəxslərin adları daxildir. 

Kanada hökuməti həmçinin “Surqutneftegaz”a qarşı sanksiyaları sərtləşdirdiyini və Rusiyanın “kölgə” donanması ilə əlaqədar olan üç maliyyə qurumu və 15 fiziki şəxs və şirkətə məhdudiyyətlər tətbiq etdiyini bildirib. Ottava həm də kimyəvi və bioloji silahların istehsalı ilə bağlı mallar, o cümlədən sənaye məhsulları və qabaqcıl ikitəyinatlı istifadə texnologiyaları da daxil olmaqla yeni ixrac qadağaları tətbiq edib. Rusiyadan idxala məhdudiyyətlər ixracı Rusiyaya gəlir gətirən kömür, metal və bir sıra digər mallara şamil edilir.

“Kanada Ukraynanın suverenliyinə və Rusiyanın davam edən təcavüzü qarşısında öz hüquqlarını qətiyyətlə müdafiə edən Ukrayna xalqına sadiq qalır. Biz Rusiyaya açıq mesaj göndəririk ki, beynəlxalq ictimaiyyət nə qədər lazımdırsa, Ukraynaya vahid dəstək nümayiş etdirməyə davam edəcək”, - deyə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. 

Xatirə SADİQ