Kremlin nümayəndəsi Kadırovun qarşısından qaçdı
Prezidentin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun hüquq-mühafizə orqanlarının fəaliyyətini və rəhbərlərini tənqid etməsinə münasibət bildirməkdən boyun qaçırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
KİV nümayəndələrinin “Çeçenistan rəhbərinin bəyanatlarına İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi qiymət verməlidirmi?” sualına Kremlin nümayəndəsi belə cavab verib: “Bu məqamda hər hansı şərh verməkdən çəkinərdim. Kimsə qiymət verməyi zəruri hesab edirsə, qiymət verəcək”.
Kadırov ictimai asayişi pozmaqda və zorakılıq tətbiq etməkdə ittiham olunan 14 yaşlı çeçen yeniyetmə Müslüm Murdiyevin işi ilə bağlı İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin rəhbərlərini tənqid edib.
O, bildirib ki, hüquq-mühafizə orqanları verilən tapşırıqları səmərəli şəkildə yerinə yetirmir, İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin rəhbərləri Aleksandr Bastrıkin və Vladimir Kolokoltsev öz yerlərində deyillər.
Onun fikrincə, Daxili İşlər Nazirliyinin rəisi əmr verib və buna görə də gəlmələri döyür, aparır və qovurlar.
Hüquq-mühafizə orqanları 2023-cü ilin oktyabrında Xodinskoye çölündəki parkda baş verən davadan sonra cinayət işi açıb. Polis hadisənin beş iştirakçısını, o cümlədən Müslüm Murdiyevi saxlayıb. Məktəbli bildirib ki, başqa yeniyetmələrin hücumuna məruz qalan 12 yaşlı dostunun müdafiəsinə qalxıb. O, 2023-cü il dekabrın 27-dən ev dustaqlığındadır. Bu iş üzrə növbəti məhkəmə iclası dekabrın 18-nə təyin edilib.
Xatirə SADİQ