Lavrov təyyarə qəzasına görə Ceyhun Bayramova zəng etdi - Razılığa gəlinib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau yaxınlığında baş verən təyyarə qəzasını müzakirə ediblər.

Dec 28, 2024 - 20:23
Lavrov təyyarə qəzasına görə Ceyhun Bayramova zəng etdi - Razılığa gəlinib

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Nazirlər bu faciəli hadisənin ən hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi ilə bağlı prezidentlərin razılıqlarını təsdiq edərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıblar.

Tərəflər təyyarənin qəzaya uğraması ilə nəticələnən insidentin bütün səbəblərini müəyyən etməyin zəruriliyi barədə razılığa gəliblər.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin Aktau yaxınlığında AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra başlayan araşdırmanın şəffaf aparılacağını bildiriblər.

Dekabrın 27-də Azərbaycanın nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, təyyarənin qəzaya uğramasına səbəb “kənar müdaxilə” olub. Nazirin sözlərinə görə, təyyarənin qalıqları və şahidlərin ifadələri təyyarəyə xarici təsirin olduğunu göstərir. (publika)