Litvanın baş naziri qalmaqallar fonunda istefa verdi
Litva prezidenti Gitanas Nauseda ölkənin baş naziri Gintautas Paluckasın bu səhər istefa verdiyini elan edib.
SAVASHMEDİA.az bu barədə LRT portalına istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, indiyədək “fundamental heç nə dəyişməyib”: “Bugünkü xəbər ondan ibarətdir ki, Paluckas bu səhər zəng edib və istefasını elan edib. Parlament seçkilərində qalib gələn və Seymdə çoxluğa malik Litva Sosial Demokrat Partiyası potensial koalisiyanın yaradılması ilə bağlı məsləhətləşmələrə başlayacaq”.
Nausedanın fikrincə, baş nazir istefa qərarını çox gec verməyib: “Mən ona bir insan kimi düşünmək və bütün şəraiti qiymətləndirmək üçün vaxt verdim. Hesab edirəm ki, o, düzgün qərar verib və bu imkandan yararlanıb. Onun qərarını alqışlayıram”.
Prezident qeyd edib ki, hazırda sabit və effektiv koalisiya lazımdır, baş nazir isə koalisiyanı və hökuməti inamla irəli aparmağı bacarmalıdır.
Nauseda həmçinin Paluckas istefasını rəsmən elan etməmişdən əvvəl baş nazir postuna potensial namizədlərin adlarının mətbuatda dərc olunmasını tənqid edib: “Hesab edirəm ki, faktiki qərara qədər potensial baş nazirlərin adlarının açıqlanması sadəcə olaraq qeyri-etik idi. Bu gün fakt faktdır – bu barədə danışmağa başlamağın vaxtıdır. Baş nazir postunu həqiqətən tuta biləcək birdən çox namizəd var”.
Litvanın kütləvi informasiya vasitələri iyulun 31-də xəbər verib ki, Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin əməkdaşları Litva baş nazirinin qardaşının həyat yoldaşına məxsus “Dankora” şirkətində axtarış aparıblar. Avropadan maliyyələşən bu şirkət elə baş nazirin “Garnis” şirkətindən mühərrik sistemləri alırdı.
Məlum olduğu kimi, jurnalistlər baş nazirin şübhəli biznes əlaqələrini üzə çıxarandan sonra Paluckasın ətrafında bir sıra qalmaqallar baş verib. Buna əsaslanaraq, Litva Baş Prokurorluğu Xüsusi İstintaq Xidmətinə bu vəziyyəti araşdırmağı tapşırıb. Bu qalmaqallar fonunda Litvada baş nazirə və onun rəhbərlik etdiyi hökumətə etimad reytinqi aşağı düşüb. Nauseda isə ittihamları izah etmək üçün Paluckasa iki həftə vaxt vermişdi.
Xatirə SADİQ