Litvaya getməkdən imtina edən belaruslu müxalifətçi yoxa çıxıb

Dünən digər belaruslu siyasi məhbuslarla birlikdə həbsdən azad edilmiş “Narodnaya Qromada” partiyasının 69 yaşlı lideri, prezidentliyə keçmiş namizəd Nikolay Statkeviçin harada olduğu indiyədək məlum deyil. 

Sep 12, 2025 - 16:46
Litvaya getməkdən imtina edən belaruslu müxalifətçi yoxa çıxıb

SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə Belarusdan olan keçmiş siyasi məhbusların Vülnüsdə keçirilmiş mətbuat konfransında bildirilib. 

Onların sözlərinə görə, Statkeviç vətənindən çıxmaqdan və Litvaya getməkdən imtina edib. 

Svetlana Tixanovskayanın müşaviri Denis Kuçinskiyə istinadən “Belsat” xəbər verir ki, Statkeviç “praktik olaraq qapını yerindən çıxarıb, avtobusdan demək olar ki, “uçaraq” Belarus ərazisinə qaçıb”. 

O, bir neçə saat Belarus tərəfində sərhəddə dayanıb və müşahidə kamerasında görünüb. Həyat yoldaşı, amerikalı diplomatlar və bir neçə başqa adam onu Belarusu tərk etməyə razı salmağa çalışsalar da, buna nail ola bilməyiblər. Litva tərəfi Statkeviçin Litva-Belarus sərhədini keçmədiyini bildirib.

“Naşa Niva” nəşri qeyd edib ki, sentyabrın 11-də Belarusun təbliğat teleqram kanalları Statkeviçin Litva sərhədini keçdiyini yazsa da, ertəsi gün onun “yoxa çıxması” barədə danışmağa başlayıb.

Sərbəst buraxılan və ölkəni tərk edən “Narodnaya Qromada” fəalı Sergey Sparış deyib ki, Statkeviçi sentyabrın 11-də DTK həbsxanasında görüb. Onun sözlərinə görə, partiya lideri “əla mənəvi vəziyyətdə” olub. 

Eyni zamanda Sparış onun səhhətindən hədsiz narahat olduğunu bildirib və siyasətçiləri, o cümlədən ABŞ prezidenti Donald Trampı Statkeviçin Belarusda normal yaşamasını, doğmaları və yoldaşları ilə ünsiyyət hüququna malik olmasını təmin etməyə çağırıb, çünki Statkeviç əmindir ki, əsl Belarus lideri vətəndən kənarda yaşaya bilməz. 

Xatirə SADİQ