Lüksemburq hersoqu taxtdan imtina etdi

Lüksemburq Böyük Hersoqu Anri oğlu Gilyonun xeyrinə taxtdan imtina etdiyini elan edib.

Dec 26, 2024 - 10:01
Lüksemburq hersoqu taxtdan imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki, 69 yaşlı monarx bu barədə xalqa ənənəvi Milad müraciətində deyib. 

Anrinin sözlərinə görə, onun istirahət etməyinin vaxtı çatıb. Beləliklə, Anrinin 24 illik rəhbərliyi sona çatır. 

O, 2000-ci il oktyabrın 7-də taxta çıxmışdı. Bu hadisə hersoqun atası Janın 36 illlik hakimiyyətdən getməsindən sonra baş vermişdi. Lüksemburq hersoqları İspan burbonlarının kiçik qolu olan Burbon-Parma sülaləsinə aiddir.

Giyom rəsmi olaraq 2025-ci ilin oktyabrında vəzifəsinin icrasına başlayacaq. 43 yaşlı şahzadə artıq atasının bəzi səlahiyyətlərini öz üzərinə götürüb. O, həm də ölkənin baş nazirinin müavini təyin edilib.

Qeyd edək ki, ötən il Danimarka kraliçası II Marqret Yeni il müraciətində taxtdan imtina etdiyini açıqlamışdı. Bu ilin yanvarında onun yerini Frederik X adı ilə taxta çıxan vəliəhd-şahzadə Frederik tutdu. II Marqret və Böyük Hersoq Anri qohumdur.

Son illərdə bir çox Avropa monarxları öz varislərinin xeyrinə taxtdan imtina etməyə başlayıblar.

Yalnız Britaniya kraliçası II Yelizaveta çox qocalmasına (96 yaş) baxmayaraq, 2022-ci ildə vəfat edənə qədər taxtda qaldı. İndi Avropanın ən yaşlı monarxı Norveç kralı V Harald hesab olunur. Onun 87 yaşı var.

Xatirə SADİQ