Mask bu ölkənin baş nazirini dəyişmək istəyir?
Amerikalı milyarder İlon Mask Böyük Britaniyanın baş naziri Kir Starmerin növbəti seçkilərə qədər tutduğu vəzifədən uzaqlaşdırılması üçün özəl müzakirələr aparır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşrinə istinadən “Reuters” məlumat yayıb.
Nəşr iddia edib ki, Mask özünün və müttəfiqlərinin Leyboristlər hökumətində sabitliyi necə poza biləcəyini götür-qoy edir və hökumətin dəyişdirilməsinə məcbur etmək üçün Britaniyadakı alternativ siyasi hərəkatlardan necə dəstək ala biləcəyinə dair məlumat axtarırdı.
Mask bununla bağlı qeyri-iş saatlarında “Reuters”in şərh xahişinə cavab verməyib.
FT mənbələrindən birinin sözlərini sitat gətirib: “O, hesab edir ki, Qərb sivilizasiyasının özü təhlükə altındadır”.
Bundan öncə Mask britaniyalı baş naziri 2008-2013-cü illərdə baş prokuror olarkən gənc qızları zorlayan kişi dəstələrini məsuliyyətə cəlb edə bilməməkdə günahlandırmışdı.
Bu yaxınlarda isə amerikalı milyarder sahibi olduğu “X” sosial şəbəkəsində “ABŞ-nin Britaniya xalqını tiranlıqdan azad etməsi” ilə bağlı sorğu yerləşdirmişdi.
Bu, Böyük Britaniyanın baş naziri Kir Starmerin amerikalı milyarderi yalanları və saxta xəbərləri yaymaqda ittihamından sonra olmuşdu.
Xatirə SADİQ