Trampın baş prokurorluğa namizədi geri çəkildi - 17 yaşlı qızla macərası ictimailəşdi

ABŞ-nin 47-ci prezidenti olmağa hazırlaşan Donald Tramp ölkənin yeni baş prokuroru vəzifəsinə Pamela Co Bondinin namizədliyini irəli sürüb. 

Nov 22, 2024 - 10:52
Trampın baş prokurorluğa namizədi geri çəkildi - 17 yaşlı qızla macərası ictimailəşdi

SAVASHMEDİA.az “Amerikanın səsi”-nə istinadən xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədəki səhifəsində yazıb.

Trampın əvvəlki qərarını dəyişməsinə səbəb Mett Gettsin bu vəzifəyə öz namizədliyini geri götürməsi olub. Belə ki, Nümayəndələr Palatasının Etika Komitəsi keçmiş konqresmenə qarşı 17 yaşlı azyaşlı ilə cinsi əlaqədə olmaq və qadağan olunmuş maddələrdən istifadə etmək iddialarını araşdırır. Mett Getts bu ittihamları rədd edir.

Bondinin prokurorluq təcrübəsini tərifləyən Tramp qeyd edib ki, o, Florida baş prokuroru vəzifəsində işləyən ilk qadın olub. Onun sözlərinə görə Bondi federal təqiblərin siyasiləşdirilməsinə son qoyacaq. 

“Uzun müddətdir ki, Ədliyyə Nazirliyi bir partiya tərəfindən mənə və digər respublikaçılara qarşı istifadə olunur və bu, sona çatır. Pəm Ədliyyə Nazirliyini əsl məqsədinə – cinayətlə mübarizəyə və Amerikanın təhlükəsizliyini qorumağa yönəldəcək”, - deyə 47-ci prezident vurğulayıb.

59 yaşlı Pam Bondi Floridanın Tampa şəhərində doğulub. Stetson Universitetini və Florida Universitetini bitirib. 2011 – 2019-cu illərdə əhalisinin sayına görə üçüncü ştat hesab edilən Floridanın baş prokuroru vəzifəsində çalışıb. 

Trampın ilk prezidentliyi dövründə dövlət başçısının Opioidlər və Narkomaniya ilə Mübarizə üzrə Komissiyasına, həm də Trampın ilk impiçmenti zamanı onun vəkillər komandasının tərkibinə daxil olub. 

Trampın prezidentliyə namizədliyi dövründə onun seçkiqabağı kampaniyası ilə yaxından əməkdaşlıq edib. Son vaxtlar Bondi “Amerika hər şeydən öncə” siyasətini həyata keçirən İnstitutun hüquq bölməsinə rəhbərlik edib. Sağçı mühafizəkar beyin mərkəzi olan bu institut Trampın gələcək administrasiyası üçün siyasətin formalaşdırılmasına kömək edir. 

Xatirə SADİQ