Kliçko ilə Zelenski söz davasına çıxdılar

Ukrayna Preizdenti Volodimir Zelenski ilə Kiyev meri Vitali Kliçko arasında yenidən narazılıq yaranıb.

May 31, 2025 - 21:13
Kliçko ilə Zelenski söz davasına çıxdılar

SAVASHMEDİA.az “The Times”a istinadən xəbər verir ki, buna səbəb Zelenskinin paytaxtda nəzarətdən çıxan vəziyyəti ələ almaq üçün hərbi idarəetmə sistemi yaratmaq istəməsi və “Təmiz şəhər” adlı əməliyyatla Kliçko administrasiyasındakı korrupsiyanı ifşa etməsidir. 

Prezident Administrasiyasından Yengeniya Kuleba şəhərdəki mənfi hallara görə Kliçkonu günahlandırıb.

Bildirib ki, Kiyevdə idarəetmə bərbad vəziyyətdədir. Kliço administrasiyası avtobus operatorları ilə birgə işləyir. Şəhərdə vəziyyət pis olduğu halda insanlardan daşıma pulu alırlar.  

53 yaşlı Kliçko Zelenski və onun administrasiyasının başlatdığı əməliyyatı tənqid atəşinə tutub. Bildirib ki, bu əməliyyatlar şəhər şurasının işini basqınlar, dindirmələr və qondarma cinayət işləri ilə iflic vəziyyətinə salıb. 

Kliçko həmçinin Zelenskini demokratiyanı məhv etməkdə günahlandırıb:

"Bu, müharibə adı altında demokratiyanın ləğvidir. Mən bir dəfə demişdim ki, ölkəmizdə avtoritarizm iyi gəlir. Eyni qoxu indi də var”.

Nəşr qeyd edib ki, Kliçko ilə Zelenski arasındakı gərginlik həm siyasi, həm də şəxsi səbəbdəndir. Belə ki, Kliçko fevral ayında Zelenskinin sülh danışıqlarına olan yanaşmasını tənqid edib. Zelenski buna cavab olaraq ironiya ilə Kliçko üçün “O, əla idmançıdır, amma onun əla natiq olduğunu bilmirdim” deyib.

Kliçko daha sonra Zelenskinin bu açıqlama ilə onu qorxutmaq istədiyini bildirib: “Qorxmuram, şöhrətim məni qoruyur. Nüfuzuma xələl gətirmək üçün hər şeyi edir”.

Nəşr Kliçkonun son zamanlarda verdiyi açıqlamalara əsasən qeyd edir ki, Kiyev meri artıq Zelenski ilə hesablaşmaq istəmir, müstəqilliyə can atır, hətta gözü Zelenskinin kreslosundadır.

Oğuz