Maskın dəstəklədiyi partiya lideri Merkelə od püskürdü 

“Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel keçmiş kansler Angela Merkeli sərt tənqid edib. 

Jan 31, 2025 - 07:36
Maskın dəstəklədiyi partiya lideri Merkelə od püskürdü 

SAVASHMEDİA.az “dpa”ya istinadən xəbər verir ki, buna səbəb Merkelin ötən gün ifrat sağçılarla birlikdə Bundestaqda qeyri-qanuni miqrasiyaya qarşı təşəbbüsə səs verdiyinə görə CDU/CSU lideri, kansler vəzifəsinə namizəd Fridrix Mertsi tənqid etməsi olub. 

Buna cavab olaraq “dpa”ya açıqlamasında Vaydel bildirib ki, Merkel 2015-ci ildə sərhədlərdə nəzarətin itirilməsinə təşəbbüs edib və bu vəziyyətlə bağlı heç nəyi dəyişmək istəmir. 

“Xanım Merkelin öz qəzəbini varisinin üzərinə tökməsinə təəccüblənmirəm”, - deyə Vaydel əlavə edib. 

Onun sözlərinə görə, keçmiş kansler bir vaxtlar qürurlu mühafizəkar partiya olan Xalq Partiyasının parçalanmasına növbəti töhfə verir.

Qeyd edək ki, yanvarın 29-da Bundestaq miqrasiyaya nəzarəti gücləndirmək üçün CDU/CSU-dan olan mühafizəkarların təklif etdiyi planı cüzi səs üstünlüyü ilə təsdiqləyib. 

Səsvermə dönüş nöqtəsi oldu, çünki təşəbbüs ifrat sağçı AfD-nin səsləri ilə təsdiqlənib. Bu, Almaniya siyasi partiyaları arasında ifrat sağçılarla əməkdaşlığa qarşı çoxdan mövcud olan konsensusu faktiki olaraq pozdu.

Amerikalı milyarder İlon Maskın “X” sosial şəbəkəsində dəstəklədiyi AfD bu presedenti alqışlayıb və onu “yeni dövrün başlanğıcı” adlandırıb. 

Xatirə SADİQ