Maya Sandu məyusdur

Moldova prezidenti Maya Sandu hesab edir ki, Moldovada keçirilən seçkilərdə və referendumda ədalətli siyasi proses olmayıb.

Oct 21, 2024 - 12:14
Maya Sandu məyusdur

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə özünün seçki qərargahındakı çıxışında bildirib.

Sandu iddia edib ki, hakimiyyət orqanları irimiqyaslı səslərin satın alınmasına dair sübutlara malikdir. O, bunu “görünməmiş miqyasda saxtakarlıq” adlandırıb.

“Bizdə bu cinayətkar qruplaşmaların 300 min səs almaq məqsədi güddüyünə dair aşkar sübutlar var”, - deyə ölkə prezidenti əlavə edib.

Maya Sandu çıxışında azadlığa və demokratiyaya misli görünməmiş hücumun bir neçə ay davam etdiyini və bunun arxasında on milyonlarla avro, yalan və təbliğatla ölkəyə hücum edən cinayətkar dəstələrin və xarici qüvvələrin dayandığını vurğulayıb.

O, seçkinin nəticələrini tanıması ilə bağlı dəqiq açıqlama verməyib. “Biz yekun nəticələri gözləyirik və qəti qərarlarla cavab verəcəyik”, - deyə söyləyib.

Moldova prezidenti səslərin alınması ilə bağlı əlavə suallara cavab verməkdən imtina edib.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Moldova sakinləri referendumda öz dövlətlərinin Avropa seçiminin əleyhinə səs veriblər. Lakin diasporun sayəsində Avropa İttifaqına doğru hərəkət etməklə bağlı konstitusiya referendumunun uğurlu olacağı şansı qalır.

Bundan başqa, ilkin səslərin hesablanması göstərir ki, Moldovada president seçkilərinin ikinci turu keşiriləcək. İkinci turda Sandu rusiyayönlü Aleksandr Stoyanoqlo ilə mübarizə aparacaq.

Xatirə SADİQ