Maskın Almaniyanın “xilaskarı”nı tapması hiddətlə qarşılandı – “Uzaq dur, İlon”
Donald Trampın administrasiyasında vəzifə tutacaq amerikalı milyarder İlon Mask ifrat sağçı “Almaniya üçün Alternativ” Partiyasını (AfD) Almaniyanın xilaskarı adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Yalnız AfD Almaniyanı xilas edə bilər”, - deyə Mask “X” platformasında yazıb.
Bundan başqa, Mask Almaniyadakı seçkiqabağı kampaniyada inamla liderlik edən Almaniya kanslerliyinə namizəd Fridrix Mertsi tənqid edən məqaləni paylaşıb.
Almaniya hökumətinin nümayəndəsi Maskın postunun nəzərə alındığı söyləyib, lakin əlavə şərh verməkdən imtina edib.
Şoltsun Sosial Demokratlar Partiyasının baş katibi Mattias Mirş “t-online” nəşrinə bildirib ki, Almaniyanın xarici təsirlərə və ya “trampizmə” ehtiyacı yoxdur: “Uzaq dur, İlon”.
Qeyd edək ki, Mask artıq keçən il Almaniya hökumətinin qeyri-qanuni miqrasiya ilə bağlı hərəkətlərini tənqid edərkən AfD-yə dəstəyini ifadə etmişdi.
Rusiyayönlü və anti-Ukrayna baxışları ilə tanınan AfD rəy sorğularında ikinci yerdə getsə də, Almaniyanın əsas, daha mərkəzçi partiyaları milli səviyyədə bu partiya ilə əməkdaşlıqdan qaçmağa söz verib.
AfD indi 23 fevral 2025-ci ildə keçiriləcək erkən Bundestaq seçkiləri ərəfəsində səslərin təxminən 18-19%-ni qazanmağa iddia edir.
Xatirə SADİQ