Medvedev generalın ölümünə görə Kiyevi təhdid etdi – “Qisas alınacaq”
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvada general-leytenant İqor Kirillovun partladılmasından sonra Ukraynanı hədələyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Medvedev bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisinin ölümünə görə Ukrayna rəhbərliyindən qisas alınacaq.
Kirillovun partladılmasını aqoniya adlandıran Medvedevin fikrincə, guya generalın zərərsizləşdirilməsinin arxasında “Banderanın adamları” dayanır.
O, qeyd edib ki, Ukraynanın ali hərbi-siyası rəhbərliyini labüd intiqam gözləyir.
“Azadlıq radiosu”nun xəbərinə görə, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, ölkəsi terror formatlı üsullardan istifadə etmir. “Bu və ya digər generalla bağlı qərarlar başqa yerdə deyil, burada döyüş meydanında verilir”, - deyə Podolyak əlavə edib.
Bir gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti qiyabi olaraq general Kirillova qarşı cinayət törətməkdə şübhələri barədə məlumat yayıb. Xidmət hesab edir ki, məhz Kirillov ukraynalı hərbçilərə qarşı kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşıyır.
Xatirə SADİQ