Navalnının vəkillərinə 5 ildən çox həbs cəzası istənildi
Rusiyanın Vladimir vilayətinin Petuşinski rayon məhkəməsinin iclasında prokurorluq həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının üç keçmiş vəkilinə həqiqi həbs cəzası istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb.
Nəşr yazır ki, ittiham tərəfi Vadim Kobzevin 5 il 11 ay, Aleksey Liptserin 5 il 10 ay, İqor Serquninin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Prokurorluq həm də onların hüquqi fəaliyyətlə məşğul olmalarına 5 il qadağa qoyulmasını da istəyib.
Bildirilir ki, Kobzev və Liptser günahsız olduqlarında israrlıdır, Serqunin isə təqsirini etiraf edib və ifadə verib.
Rusiya hakimiyyəti Navalnının rəhbərlik etdiyi strukturları esktremist icma elan edib. Üç vəkil 2023-cü ilin oktyabrında həmin ekstremist icmada iştirak ittihamı ilə istintaq təcridxanasına göndərilib.
İstintaqın versiyasına görə, vəkillər “öz statuslarından istifadə edərək islah müəssisəsinin əlçatanlığı məqsədilə müdafiə etdikləri şəxsin Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşları ilə əlaqə saxlamasını təmin edib.
Bu iş üzrə ittiham olunan vəkillər Aleksandra Fedulova və Olqa Mixaylova vaxtında Rusiyanı tərk edə bildiklərindən məhkəmələr onların barəsində qiyabi həbs hökmü çıxarıb.
Vəkillərin həbsindən bir qədər sonra Navalnı Vladimir vilayətindəki həbsxanadan Yamal-Nenets Muxtar Dairəsindəki xüsusi rejimli həbsxanaya köçürüldü və orada dünyasını dəyişdi.
Xatirə SADİQ