Məhkəmədə İmamoğlu ilə polis arasında gərginlik - "Çıxmıram, zorla apar" + VİDEO

İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu bu gün hakim qarşısına çıxarılıb.

Jun 16, 2025 - 17:16
Məhkəmədə İmamoğlu ilə polis arasında gərginlik - "Çıxmıram, zorla apar" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlu məhkəmə salonuna alqışlar və “Prezident İmamoğlu” şüarları altında daxil olub.

İmamoğlu özünü müdafiəyə qısa müddət öncə faciəvi şəkildə həlak olan Manisa Böyükşəhər Bələdiyyə sədri Ferdi Zeyreki xatırlayaraq başlayıb:

“Yanında olmalı idim, amma ola bilmədim. Hamımıza dərs verərək getdi. Yüz minlərlə insan bir idarəçini ağlayaraq, yas tutaraq, hörmətlə son mənzilə yola saldı. Bu, bütün dünyaya və Türkiyəyə bir dərs olmalıdır. Əbədiyyətə varan bələdiyyə sədrimiz bu hörməti və sevgini sadəcə 14 aylıq xidmət zamanı qazandı. Bu, xalqla yaxın olmağın, xalqın dərdləri ilə maraqlanmağın, öz dərdi bilməyin, “mən tərəfdən olmayan yox olsun” deməməyin nəticəsi idi”.

“"İstanbul qazanan Türkiyəni qazanar” deyən zehniyyətə qarşı 3 dəfə seçkiləri qazandığım üçün buradayam və məhbusam. Ona görə həbsdəyəm. Kasıbdan gəncə, uşaqdan qadına hər kəsin dərdini paylaşan, xalqa əsaslanan bir bələdiyyə qurduğumuz üçün, millətimizin rəğbətini qazandığımız üçün buradayam. Türkiyə və dünya tarixində ilk dəfə ilkin seçkilərdə 15,5 milyon insanın səsini aldığım üçün buradayam. Prezidentliyə namizəd olduğum üçün buradayam. Bizi mühakimə etmirlər. Biz böhtanlarla, gizli şahid yalanları ilə, cinayət keçmişi olan insanların böhtanları ilə əsir saxlayırlar. Bu, məhkəmə deyil. Biz mühakimə olunmuruq. Bu, cəzadır. Bizi birbaşa cəzalandırırlar” – İmamoğlu bildirib.

İBB sədri vurğulayıb ki, o insanların qəlbinə həkk olunub və silinməyəcək:

“Şəklimi, səsimi, videolarımı qadağan edirsiniz, sosial şəbəkələrimi əngəlləyirsiniz.  Məni xalqın qəlbindən silə bilməyəcəksiniz. Bu ölkə nə silahla, nə də sərvət toplamaqla ayaqdadır. Bu ölkəni ayaq üstə saxlayan yeganə şey ədalətdir, haqq və qanundur. Bilin ki, ədalət olmayan ölkədə nə investisiya, nə sülh, nə də firavanlıq olar. Bu mübarizədə mən tək deyiləm. Bu mübarizədə milyonlarla insan, onların verdiyi səs mənimlədir, mənim dayağımdır. Bunu hiss edirəm. Mən hər kəsin övladı üçün gözəl gələcək və ədalət sistemi vəd edirəm. Ədalətli sistemin əsgəri olacağam, döyüşçüsü olacağam və həmişə arxasında dayanacağam”.

İmamoğlunun özünümüdafiəsindən sonra hakim məhkəməyə 5 dəqiqə fasilə verib. Bu zaman İmamoğlu ilə məhkəmə polisi arasında gərginlik yaşanıb. Bələdiyyə sədri zalı tərk etmək istəməyib “Çıxmaq istəmirəm, zorla aparın” deyərək irad bildirib. İmamoğlu məhkəmənin verdiyi 5 dəqiqəlik fasilədə jurnalistlərin suallarını da cavablandırıb:

"Yaxın tarixi oxuyuram. 12-13 kitab bitirmişəm. Ümit Özdağla görüşüb salamlaşırıq. Brilyant kimi liderimiz var. Başqanımız möhtəşəmdir. Belə yoldaşlıq insanı qürurlandırır”.

Qeyd edək ki, Əkrəm İmamoğlunun məhkəməsi 16 iyula ertələnib.

Banu