Meksika prezidenti “Google”dan tələb etdi
Meksika hakimiyyəti “Google Maps” xəritə xidmətində Meksika körfəzinin adının "Amerika körfəzi" olaraq dəyişdirilməsinə görə “Google” şirkətinə qarşı məhkəməyə müraciət edib.
SAVASHMEDİA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum Mexikodakı Milli Sarayda keçirdiyi brifinqdə bildirib.
Sheynbaum qeyd edib ki, Meksika hökuməti artıq “Google”a xəbərdarlıq edib, lakin bu rica nəzərə alınmayıb.
“Artıq “Google”a qarşı iddia qaldırılıb və ilk məhkəmə qərarı çıxarılıb. Biz bunun icrasını gözləyirik”, - deyə prezident əlavə edib.
Meksika hakimiyyəti hesab edir ki, ABŞ-nin bütün körfəzin adını dəyişmək hüququ yoxdur. “Birləşmiş Ştatlar ərazisinin bir hissəsini istədiyi kimi adlandıra bilər, lakin Meksikaya aid olan hissənin adını dəyişdirmək olmaz”, - deyə Şeynbaum vurğulayıb.
Prezident əlavə edib ki, məsələ beynəlxalq əhəmiyyət kəsb edir. O, “Amerika körfəzi” adının yalnız ABŞ əraziləri üçün istifadə edilməsini, Meksika və Kubaya aid olan hissələri üçün isə ənənəvi “Meksika körfəzi” adının saxlanılmasını tələb edib.
Şeynbaum onu da qeyd edib ki, bu məsələ onların ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı müzakirə olunmayıb.
Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi haqqında fərmanı ABŞ prezidenti Donald Tramp yanvarın 20-də imzalayıb.
“Google” fevralın 11-də “Google Maps” xidmətində dəyişiklik olunması barədə rəsmən elan edib.
Xatirə SADIQ