"Mənə nəsə olsa, cavabdeh Fərəh Əliyevadır" - Mehriban Xanlarova

Azərbaycanın əməkdar artisti, tanınmış aktrisa Mehriban Xanlarova Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri  Fərəh Əliyevanı ittiham edib.

Nov 30, 2025 - 14:24
"Mənə nəsə olsa, cavabdeh Fərəh Əliyevadır" - Mehriban Xanlarova

Çalışdığı teatrda işdən azad olunmasını sifariş hesab edən Mehriban Xanlarova daha sonra bunları əlavə edib:

“Fərəh Əliyeva Prezident Administrasiyasında Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir. Tanınmış alim Şirməmməd Hüseynovun qızıdır. O, incəsənət sahəsinə öz adamlarını, rəfiqələrini, dostlarını, sinif və tələbə yoldaşlarını yüksək vəzifələrə yerləşdirir. Nəticədə mədəniyyət sahəsində dərin böhran və uçurumlar yaranıb.

Başda cənab nazir olmaqla bütün incəsənət adamları ondan qorxur və heç kəs onun adını çəkməyə cəsarət etmir. O, mədəniyyət sahəsində tam hökmranlıq qurub. Bütün dostlarını, tanışlarını və rəfiqələrini hansı vəzifələrə yerləşdirdiyini tək-tək açıqlayacam və bu məqamların mədəniyyət sahəsinə vurduğu ziyanları da göstərəcəyəm”.

Mehriban Xanlarova sonuncu müraciətində isə həyatına təhdid yarandığını deyib və məsuliyyətin Fərəh Əliyevanın üzərində olduğunu bəyan edib:

“Rəsmi olaraq bəyan edirəm ki, bu gündən etibarən mənim sağlamlığıma, həyat təhlükəsizliyimə və ümumilikdə şəxsi toxunulmazlığıma yönələcək istənilən təhdid, hücum, təxribat və ya qəfil baş verəcək hər hansı bir hadisənin hüquqi və mənəvi məsuliyyəti birbaşa Fərəh Əliyevanın və onun formalaşdırdığı komandanın üzərinə düşəcək.

Mən əvvəlcədən xəbərdarlığımı edirəm:

Əgər mənə nəsə olarsa bu təsadüf deyil, cavabdeh tanınmış alim Şirməmməd Hüseynovun qızı Fərəh Əliyevadır”. (gununsesi)