Merin xanımı rüşvətə vasitəçilik edib – Soçidə
Xüsusilə külli miqdarda bədxərclikdə və mənimsəmədə ittiham olunan Soçi şəhərinin keçmiş meri Aleksey Kopayqorodskiyə qarşı rüşvətxorluğa görə yeni cinayət işi açılıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
DİN-dən bildirilib ki, cinayətin təfərrüatları başqa bir iş üzrə aparılan istintaq zamanı üzə çıxıb: “İstintaqın məlumatına görə, 2023-cü ilin noyabrında Aleksey Kopayqorodski vasitəçi kimi fəaliyyət göstərən həyat yoldaşı vasitəsilə Soçi biznesmenindən xüsusilə külli miqdarda rüşvət alıb”.
43 milyon rubldan çox məbləğdə rüşvət “əmlak səciyyəli xidmətlərin” göstərilməsini müqabilində verilib. DİN hesab edir ki, bu, qəsblə bağlı olub. Bunun müqabilində Kopayqorodski rüşvət verən kommersanta biznesin inkişafı üçün əlverişli şərait yaratmalı və ümumi himayədarlıq göstərməli idi.
Kopayqorodski 2019-cu ildən 2024-cü ilin mayına qədər Soçinin meri olub. O, öz istəyi ilə istefa verib. Sentyabrda məlum olub ki, eks-mer Ukraynadakı cəbhə zonasına yollanıb. Amma elə həmin ay keçmiş məmur mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda mənimsəmə və israf etmə (CM-nin 160-cı maddəsi) üzrə həbs edilib. O, ən azı, 17 fevral 2025-ci ilə qədər həbsdə qalacaq.
Kopayqorodskinin həyat yoldaşı Yanina noyabrda saxlanılıb. O, ev dustaqlığına buraxılıb və müdafiə tərəfi apelyasiya şikayəti verib.
Kopayqorodskinin özü mənimsəmə məsələsində günahını etiraf etmir və Ukraynadakı cəbhə zonasına qaytarılmasını xahiş edir.
Xatirə SADİQ