Oğlu yataq xəstəsi olan anasına qarşı seksual zorakılıq etdi - Arvadı VİDEOYA ÇƏKDİ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yataq xəstəsi olan anasına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və onu döyməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işinə baxılıb.

Sep 30, 2026 - 14:15
Oğlu yataq xəstəsi olan anasına qarşı seksual zorakılıq etdi - Arvadı VİDEOYA ÇƏKDİ

SAVASHMEDİA.az-ın məlumatına görə, məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs (şərti ad – Elnur) 2026-cı ilin fevral ayında yaşadığı evdə bir neçə dəfə yataq xəstəsi olan və sərbəst hərəkət etmək imkanından məhrum anasına (şərti ad – Məleykə)  qarşı seksual xarakterli zorakı hərəkətlər edib. 

Elnur məhkəmədə ifadə verən zaman etdiyi əməldən peşman olduğunu və özünü təqsirli bildiyini deyib. O bildirib ki, əvvəl ailədə 4 nəfər olublar- atası, anası, bacısı və özü. 2006-cı ildə atası, 2019-cu ildə bacısı vəfat edib. 2021-ci ildə Arzu (ad şərtidir-red) adlı xanımla ailə qurub. Anası iki ildir yataq xəstəsidir, hərəkət edə, danışa bilmir. Ona həyat yoldaşı Arzu ilə birgə baxırlar. Rəsmi işi olmadığından gündəlik olaraq müxtəlif şəxslərə məxsus təsərrüfatlarda işləyərək pul qazanır.

Törətdiyi əmələ gəlincə Elnur qeyd edib ki, 2026-cı ildən davamlı spirtli içki içməyə başlayıb. Həmin ilin fevral ayında marketdən 5 ədəd “GO” içkisi içib və sərxoş olub. Evə gəldikdən sonra anası ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Lakin qadın buna imkan verməyib və səs-küy salıb. Buna görə də əsəbiləşərək onun sifətinə və qoluna zərbə endirib. Bundan sonra daha iki dəfə anası ilə oral sekslə məşğul olmağa cəhd etsə də, qadın var gücü ilə müqavimət göstərib. Bu zaman Elnur belindən kəmərini çıxararaq qadını onunla döyüb. Səs-küyə görə həyat yoldaşı Arzu otağa daxil olub. Elnur həyat yoldaşının olanları tam görmədiyini düşünsə də, Arzu onun hərəkətlərini videoya çəkib. 

Məhkəmədə şahid qismində dindirilən Arzu bildirib ki, Elnur içki içməyə başladıqdan sonra çox dəyişib:

“Spirtli içki içəndən sonra anası Məleykəyə qarşı əxlaqsız hərəkətlər etməyə, onu döyməyə başlamışdı. Ayıldıqdan sonra bir daha anasına qarşı zor tətbiq etməyəcəyini və əxlaqsız hərəkətlər etməyəcəyini deyirdi. Lakin yenə də spirtli içki qəbul edir və eyni hərəkətlərə davam edirdi. Ona mane olmağa gücüm çatmadığı üçün baş verənləri videoya çəkib, Məleykənin bacısına göndərmişdim. Məqsədim bacısının Məleykəyə sahib çıxmasını təmin etmək idi”.

Məleykənin hüquqi varisi olan bacısı da məkəmədə Arzunun dediklərini təsdiqləyib və Elnuru bağışladığını bildirib: 

“Arzu zəng edərək mənə Elnurun Məleykəni döydüyünü bildirdi və Elnurdan qorxduğu üçün polisə məlumat verə bilmədiyini dedi. Bacım Məleykənin vəfat etdiyi vaxt mənə Elnurun ona qarşı seksual xarakterli hərəkətlər etdiyi barədə məlumat verilmişdi. Elnur içki içmədiyi vaxt ağlı başında olan adamdır. Onu bağışlayıram”.

Məleykənin hüquqi varisi məhkəməyə təqdim etdiyi ərizədə də Elnurla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və qanunda nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Elnur isə ağlayaraq hadisə zamanı sərxoş vəziyyətdə olduğundan törətdiyi hərəkətlərin mahiyyətini dərk etmədiyini və nə etdiyini xatırlamadığını, anasının uşaq yaşlarda onunla yaxşı rəftar etdiyini bildirib. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edib.

Sonda, dəlil qismində təqdim olunan videogörüntülər və şahid ifadələri əsasında məhkəmə təqsirləndirilən şəxsi cinayət əməli törətməkdə təqsirli bilib. Ona Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə 3 il, 150.2.4 və 150.2.5-ci maddələri ilə isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayətlərin məcmusu üzrə cəzalar qismən toplanaraq təqsirləndirilən şəxs barəsində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Səlcuq