Polis polkovniki jurnalisti öldürdüyünü boynuna aldı
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, söhbət “Fontanka” portalının və Jurnalist Araşdırmaları Agentliyinin reportyoru Maksim Maksimovdan gedir.
Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Qərb Federal Dairəsi üzrə Baş İdarəsinin əməliyyat-axtarış bürosunun 6-cı şöbəsinin keçmiş rəis müavini, istefada olan polis polkovniki Mixail Smirnov jurnalisti qətlə yetirdiyini etiraf edib.
“Fontanka” portal xəbər verir ki, hazırda əməliyyat, istintaq və axtarış xidmətləri 2004-cü ilin iyun aylında yoxa çıxmış jurnalistin cəsədini axtarmaq üçün Beloostrovda meşə zolağını qazmaqla məşğuldur.
Məlumata görə, Maksimov hüquq-mühafizə orqanlarındakı korrupsiyadan yazırmış. Onun araşdırmalarının qəhrəmanları arasında Smirnov və həmkarları da olub. Jurnalist gömrük orqanlarına rüşvətlə bağlı daha bir iş üzrə material toplamağa nail olduqdan sonra izsiz yoxa çıxmışdı.
Bir neçə qətldə şübhəli bilinən 60 yaşlı Smirnov bu ilin mayında saxlanılıb. O, uzun müddət günahını dansa da, dekabrın 18-də Maksimovu qətlə yetirdiyini boynuna alıb. Təqaüddə olan polis əməkdaşına hazırda xaricdə yaşayan kriminal avtoritet Kolesnikov rəhbərlik edib.
Portal yazıb ki, Smirnovun müəyyən KİV-lərə sırınmış təxribatçılarından biri Maksimovla əlaqə saxlayıb və onu bəzi layihələrdə iştiraka dəvət edib. Onlar Furştatskaya 26 ünvanındakı evdə görüşüblər. Orada isə jurnalisti Smirnov, əməliyyatçı Andrey Pyatov və daha iki ortaq – Meliksetov və Meşçerovdan ibarət pusqu gözləyib. Smirnov jurnalisti boğub və meyiti xidməti avtomobillə aparıb.
“Onu Meliksetovla birlikdə öldürdüm. Əvvəlcə onun başına boru ilə zərbə endirdik, sonra onu divar barmaqlıqlarından şnurla asaraq boğduq”, - deyə portal Smirnovun dindirilmə protokolundan sitat gətirib.
Smirnovun sözlərinə görə, jurnalistin onun haqqında Pulkovo gömrüyünün rəis müavininə qarşı təxribatla bağlı məqalə hazırladığını biləndən sonra Maksimovla görüşmək qərarına gəlib. “Mən Maksimovu inandıra bilmədim ki, rüşvət almağa təhrikə aidiyyətim yoxdur və məndə belə bir fikir yarandı: öldürəcəyəm!”, - deyə polis polkovniki dindirilmə zamanı danışıb.
Smirnovun adı daha bir səs-küylü iş – 1998-ci ilin iyununda Turuxtannıyı adalarına gedən yolda Baltik Gəmi Mexanika Zavodunun direktoru İqor Malkinin qətli üzrə prosesdə keçir. Ehtimal olunur ki, şübhəlilər polis əməkdaşları adı altında baş direktorun avtomobilini saxlayıblar, maşında onun kadrlar üzrə müavini Vladimir Serikov və sürücü Mixail Petuxov da olub. Sərnişinlərin diqqətini yayındıran cinayətkarlar partlayıcını sürücü oturacağının altına yerləşdirib və avtomobil hərəkətə keçəndə onu işə salıblar. Zavod direktoru hadisə yerində dünyasını dəyişib. Məhz bu iş çərçivəsində Smirnov yazda saxlanılıb.
Xatirə SADİQ