Merkel bu hərəkətinə görə qətiyyən peşman deyil
Almaniyanın eks-kansleri Angela Merkel Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə daxil olmasını ləngitmək qərarına haqq qazandırmağa çalışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Merkel bu barədə “Azadlıq. Xatirələr 1954–2021” adlı kitabında bəhs edib. Noyabrın 26-sa təqdimatı keçiriləcək bu kitabdan bəzi hissələri “Die Zeit” və “Bild” dərc edib.
NATO-nun Budapeştdə keçirilən sammitində (2008-ci il) ABŞ-nin o vaxtkı prezidenti Corc Buş iki ölkənin (Ukrayna və Gürcüstan) alyansa yeni üzvlərin qəbulu proqramına – NATO üzvlüyü üzrə Fəaliyyət Planına (MAP) qoşulmasını təklif etdi. Lakin Almaniyanın və Fransanın o zamankı rəhbərləri Angela Merkel və Nikola Sarkozi buna qarşı çıxdılar.
Eks-kanslerin sözlərinə görə, Ukraynaya MAP-ın verilməsi ölkəni bloka qəbul etmək üçün demək olardı ki, geridönməz öhdəlik olacaqdı.
“Yeni üzvün qəbulu təkcə onun təhlükəsizliyini deyil, həm də NATO-nun öz təhlükəsizliyini yaxşılaşdırmalıdır. Mən Putinin fikrini nəzərə almadan Ukrayna və Gürcüstan üçün MAP-ın statusunu müzakirə etməyi kobud səhlənkarlıq hesab etdim”, - deyə o, yazıb.
Merkel hesab edir ki, o zaman Ukrayna və Gürcüstanın MAP statusundan məhrum edilməsi, eyni zamanda onların alyansa üzvlük perspektivini qorunması ilə bağlı əldə edilmiş güzəşt (istənilən güzəşt kimi öz qiymətinə malik olsa da) zəruri idi.
O, yazır ki, Rusiya prezidenti Vladimir Putin hər iki ölkənin bloka daxil etmək vədini müharibə elanı kimi qəbul edəcəkdi.
Merkel həmçinin Donald Trampla ünsiyyətin çətinliklərini təsvir edib və onu avtoritar liderlərə, o cümlədən Putinə valeh olan adam adlandırıb
Xatırladaq ki, vaxtilə məhz Qərbin tələbi ilə nüvə silahından məhrum edilmiş, NATO-ya süətli şəkildə qəbul olunmayan Ukrayna 2022-ci ilin fevralında Rusiyanın misli-görünməmiş təcavüzünə məruz qalıb. Rusiyanın genişmiqyaslı hərbi hücuma keçməsindən bir neçə ay sonra Ukrayna NATO-ya sürətləndirilmiş şəkildə daxil olmaq üçün müraciət edib. Ukraynanın bu alyansa daxil olması üçün blokun bütün üzv ölkələrinin razılığı lazımdır. Ukrayna prezidenti Volodimir Zelenskinin qələbə planının birinci bəndində ölkənin NATO-da daxil olması öz əksini tapıb.
Xatirə SADİQ