"Onlara 110 manat pensiya düşürdü, amma 280 manat alırlar" - Sahil Babayev
Nazir bildirib ki, çox böyük sosial sığorta stajı amnistiyası qəbul edilib
Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimum pensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildə artırırıq. Təxminən 300 min aşağı gəlirli pensiyaçımıza sırf sosial sığorta üzərində pensiya ödəsəydik, onlar 110 manatdan yuxarı pensiya almayacaqdılar. Amma onlara minimum pensiya olaraq 280 manat ödənilir, növbəti ildə artım olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, çox böyük sosial sığorta stajı amnistiyası qəbul edilib:
"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kimin yolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç bir zaman işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsi icazə vermək olmaz".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev növbəti ildə əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatmasının proqnozlaşdırıldığını deyib. O bildirib ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi.