Məşhur türk müğənni öldü - Bakıda 50 min dollardan imtina etmişdi + VİDEO
Türkiyənin məşhur müğənnisi Rza Tamer vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, Muğla şəhərinin Bodrum rayonunda yaşayan müğənninin halı gündəlik qəbul etdiyi dərmanları içdikdən sonra ağırlaşıb.
O, mədə bulantısı və nəfəs darlığından şikayətlənib. Müğənni üçün təcili tibbi yardım çağırılıb. Tibbi personal Rza Tamerə ilkin tibbi yardım göstərib. Müğənni daha sonra Bodrumdakı xəstəxanalardan birinə çatdırılıb. Xəstəxanada həkimlərin bütün müdaxilələrinə baxmayaraq, R.Tamerin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rza Tamer “Popstar Türkiye” yarışması ilə tanınıb. Şöhrət yolunda olan Tamer bir müddət sonra səhnədən uzaqlaşıb. Həyatında ard-arda yaşadığı uğursuzluqlar onu səfil duruma salıb.
Xüsusilə, həyat yoldaşının atıb getməsi müğənninin dərin böhran yaşamasına və bundan sonra küçələrə düşməsinə səbəb olub. “Benden sonra” mahnısını da həmin günlərdə yazıb. Küçədə mahnını ifa edərkən iki gənc ifasının lentə alıb. Gənclərin həmin videonu internetə yükləməsindən sonra yenidən gündəmə gəlib. Bundan sonra musiqi şirkətləri onunla müqavilələr imzalayıb. Özünün dediyi kimi, həyat ona “ikinci şans” verib. Rza Tamer yenidən şöhrətə qovuşub.
Xatırladaq ki, Azərbaycan Rza Tameri məşhur mahnısından çox, valyuta qalmaqalı ilə tanıyıb. Belə ki, Rza Tamer Azərbaycanda fəaliyyət göstərən “Bihter” adlı restoranla konsert üçün 50 min dollara anlaşıb. Azərbaycana bir gün əvvəl gəlib, sözügedən restoranda yemək yeyib. Lakin ödənişin Türkiyə lirəsi ilə olmayacağını bildikdən sonra konsertini ləğv edib.